Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyinə həsr olunmuş yığıncaqda dilimizlə bağlı səsləndirdiyi fikirlər hələ də müzakirə edilir. Maraqlıdır ki, ölkə başçısının dediklərini düzgün başa düşmək əvəzinə, bunu Türkiyə və türk dili əleyhinə yönəlmiş çıxış kimi təqdim etməyə çalışanlar var. Halbuki, İlham Əliyev dilin saflaşdırılmasının vacibliyini vurğulayıb və bunu tələb edib. Dövlət başçısı heç bir halda Türkiyə türkcəsinin qadağan olunmasından danışmayıb. Yəni bəzi çevrələr mövzunu bilərəkdən siyasiləşdirirlər.
Globalinfo.az-a danışan AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru Faiq Ələkbərov deyib ki, Prezidentin dilimizlə bağlı söylədiklərini bununla əlaqələndirmək əsassız yanaşmadır:
“Əslində “Azərbaycan dili” dedikdə, “türk dili” nəzərdə tutulur. Prezidentin dilin saflığının qorunması barədə fikirləri, mahiyyət etibarilə, Azərbaycan türkcəsinin özünəməxsusluğunun qorunması anlamına gəlir. Konstitusiyamıza əsasən, dövlət dilimizin adı “Azərbaycan dili” kimi qeyd olunur. Lakin hamımıza məlumdur ki, min illər boyu bu dil “türk dili” adlandırılıb. Onun bu günkü müraciət forması belə olmadığı mənasına gəlmir”.
faiq elekberli e1746428830450
Faiq Ələkbərov
Alim bildirib ki, Azərbaycan türkcəsi türk dilləri ailəsinə daxil olan müstəqil dildir:
“Biz də Türkiyə türkcəsi, özbək türkcəsi, qazax türkcəsi kimi öz dilimizi qoruyub saxlamalıyıq. Çünki Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Yunus Əmrə, Əli bəy Hüseynzadə kimi dahilər bu dildə yazıb-yaradıblar. Ona görə də dilimizin saflığını və zənginliyini qorumaq borcumuzdur. Ölkəmizdə Azərbaycan türkcəsi ən yüksək səviyyədə təbliğ və tədris olunmalıdır. Prezident İlham Əliyevin bu istiqamətdə fikirlərini türk dili əleyhinə yönəlmiş kimi təqdim etmək yersizdir. Hər iki dilin öz xüsusiyyətləri var. 1937-ci ilə qədər bizim dilimiz “türk dili” adlanırdı və bu gün də mahiyyətcə belədir. Lakin hər bir müstəqil dövlətin öz milli dili var”.
Qeyd edək ki, Prezident İlham Əliyev dilimizin yad təsirlərdən qorunmamasını təkcə mədəni məsələ kimi deyil, milli varlığın zəifləməsi kimi qiymətləndirib. “10 il bundan əvvəl mən bu məsələni qaldırmışdım. Çünki bu, məni narahat edirdi. On il ərzində lazımı tədbirlər görüldü ki, biz dilimizi kənar kəlmələrdən qoruya bilək. Amma yenə də oradan-buradan eşidirəm, – həm televiziyalarda, həm yazılı mediada, həm bəzi insanların çıxışlarında, – buna heç bir gərək yoxdur”, – deyə o bildirib.