Gununsesi portalından alınan məlumata görə, ain.az xəbər verir.
Müasir dövrdə bullinq — xüsusilə azyaşlı uşaqlar arasında — cəmiyyətin ən ciddi sosial problemlərindən birinə çevrilib. Məktəbdə, sosial mediada və hətta ailə daxilində belə uşaqlar psixoloji təzyiqə və zorakılığa məruz qala bilirlər. Bu hallar onların özünəinamını, təhsil nəticələrini və emosional sağlamlığını ciddi şəkildə zədələyir.
Gununsesi.info -ya danışan ailə psixoloqu Sevinc Həbibovanın sözlərinə görə, uşaqları bullinqdən qorumağın əsas yolu ailə və məktəb mühitində etibarlı, sevgi dolu bir atmosfer yaratmaqdır.
“Uşaqlar valideynlərinə və müəllimlərinə güvəndikdə, yaşadıqları çətinlikləri paylaşmaqdan çəkinmirlər. Valideynlər uşağın davranışında baş verən kiçik dəyişikliklərə belə diqqət etməli və onları vaxtında dinləməlidirlər. Uşaqlara empatiya və hörmət kimi dəyərləri aşılayan tərbiyə üsulu bullinqin qarşısını almaqda mühüm rol oynayır”– deyə o əlavə edib.
Sevinc Həbibova vurğulayıb ki, müəllimlər məktəbdə zorakılıq hallarına biganə qalmamalı, dərhal müdaxilə etməlidirlər.
O qeyd edib ki, uşaqlara öz fikirlərini sərbəst ifadə etməyi öyrətmək də onları psixoloji baxımdan gücləndirir.
“Sosial mediada da valideyn nəzarəti vacibdir, çünki belə mühitdə bullinq daha gizli şəkildə baş verir. Nəticə etibarilə, uşaqları bullinqdən qorumaq üçün ailə, məktəb və cəmiyyətin birgə səyi zəruridir”.
Günay
Gununsesi.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.