AZ

Bakıda piyadanın ölümünə səbəb olan 24 yaşlı sürücüyə ağır cəza verilib

BAKI, 7 noyabr. TELEQRAF

Bakıda baş vermiş və piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı təqsirləndirilən şəxsə hökm oxunub.

Teleqraf xəbər verir ki, hadisə ötən ilin dekabrında Binəqədi rayonunun Müşfiqabad qəsəbəsində qeydə alınıb. 2001-ci il təvəllüdlü Fərhad Şəmsəddinov idarə etdiyi “Tofaş” markalı avtomobillə yol kənarında dayanan 36 yaşlı Simran Qarayevi vurub.

Qəza nəticəsində piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Araşdırmalarla müəyyən edilib ki, Fərhad Şəmsəddinov nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə edib və qəzadan sonra hadisə yerindən uzaqlaşıb.

Məhkəmədə ifadə verən Şəmsəddinov hadisənin ehtiyatsızlıq nəticəsində baş verdiyini, qaçmaq niyyətinin olmadığını bildirib. O, avtomobilin idarəetməsini itirdiyini və toqquşmadan sonra həyəcan içində ərazidən uzaqlaşdığını deyib. Onun sözlərinə görə, hadisə yerində olan əmisioğlu onu evlərinə aparıb. Məqsəd mərhumun yaxınları ilə aralarında xoşagəlməz hadisənin yaşanmaması olub.

Mərhumun ailə üzvləri təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını və onun barəsində qanunla nəzərdə tutulmuş cəzanın təyin edilməsini istəyiblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fərhad Şəmsəddinov 6 il müddətinə azadlıqdan məhrumetmə və 4 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə cəzasına məhkum edilib.

Seçilən
43
teleqraf.com

1Mənbələr