AZ

Xalqın birliyindən və inamından güc alan Lider

Son 200 ildə

Cənubi Qafqaz tarixin ən mürəkkəb və ziddiyyətli proseslərinin yaşandığı

regionlardan biri olub. Bu, bir həqiqətdir ki, yaşadığımız coğrafiyada əsrlər

boyu formalaşmış etnik-mədəni tarazlığın pozulması, xüsusilə XIX əsrdən

başlayaraq ermənilərin kütləvi şəkildə bölgəyə köçürülməsi, regionun siyasi xəritəsini

də, ictimai nizamını da kökündən dəyişdirdi.

Cənubi

Qafqazda geosiyasi marağı olan dövlətlərin planlı şəkildə həyata keçirdiyi bu

siyasət regionda təkcə demoqrafik vəziyyəti dəyişmədi, eyni zamanda xalqlar

arasında süni qarşıdurmaların yaranmasına, etimadın sarsılmasına və sabitliyin

pozulmasına gətirib çıxardı.

XX əsr isə

bu proseslərin ən faciəvi nəticələrini Azərbaycan xalqının taleyinə yazdı.

Deportasiyalar, qırğınlar, torpaqların işğalı və humanitar fəlakətlər

xalqımızın tarixinə qara hərflərlə həkk olundu. Bu hadisələr təkcə keçmişin

ağrılı xatirəsi deyil, həm də bu günün geosiyasi reallıqlarını formalaşdıran

mühüm tarixi dərslərdir.

Xalqımızın

başına gələn bəlaların bir səbəbi ermənilər, xain qonşularımız, əhatəmizdə yerləşən

böyük dövlətlər idisə, digər səbəbi də beynəlxaq siyasəti bilən, güclü sərkərdəlik

qabiliyyəti olan, xalq tərəfindən sevilən, öz xalqının gücünə arxalanan qətiyyətli

bir liderin olmaması idi.

Tanrı İlham

Əliyevi 200 ildən sonra xalqımızın qələbə dolu tarixini, zəfər salnaməsini

yenidən yazmaq üçün bir xilaskar olaraq göndərdi. Ona xilaskar da demək olar,

bir millətin arzusunun ifadəçisi də…

Düşmənə

qalib gəlmək üçün müasir silahlarla təchiz edilmiş, vahid mərkəzdən idarə

olunan ordunun, polad iradə və qətiyyətin olması əsas şərtdir. Eyni zamanda

döyüş meydanında qazanılan qələbəni dünya miqyasında qəbul etdirmək üçün güclü

diplomatik idarəetmə və zərgər dəqiqliyi ilə ölçülüb-biçilən siyasətin olması

çox şeyi həll edir.

Düşmən təkcə

sərhədlərimizi keçməmişdi. Bütün siyasi və diplomatik qayda-qanunları pozaraq

müvəqqəti qələbə eyforiyasına qapılıb bizə meydan oxuyurdu. İşğal altında

saxladığı torpaqlarda keçilməz dəmir-beton istehkamlar qurur, yeraltı tunellər

çəkir, beynəlxalq hüquqa məhəl qoymadan məskunlaşma aparır, tarixi adları dəyişdirir,

abidələri ya məhv edir, ya da saxtalaşdırırdı. Bunlar azmış kimi babalarımızın

at çapıb qılınc oynatdıqları qəhrəmanlıq meydanlarında şənliklər qurub milli

heysiyyətimizə toxunurdu. Düşmən o qədər harınlamışdı ki, qarşısındakının əzmini,

gücünü və nəyə qadir olduğunu qiymətləndirə bilmirdi.

Prezident

İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən düşməni həm siyasi, həm də

diplomatik meydanda küncə sıxışdırdı. Ordu quruculuğuna ayrılan xərclərin

artırılması, modern silahların alınması, hərbi intizamın gücləndirilməsi ilə

qarşı tərəfə daim xəbərdarlıq da edirdi: "Əgər Qarabağ problemi sülh yolu

ilə həll olunmasa, müharibə qaçılmazdır". "Biz torpaqlarımızın bir

qarışını belə güzəştə getməyəcəyik. Qarabağ Azərbaycandır!" Bu qətiyyətli

mövqe artıq müharibənin qaçılmaz olduğundan xəbər verirdi.

Xalqının məsuliyyətini

dərk edən lider olmaq hər kəsə nəsib olmayan xoşbəxtlikdir. Azərbaycanın bəxti

onda gətirdi ki, İlham Əliyev kimi rasional hesablama qabiliyyətinə malik, nəyi

nə zaman edəcəyini dəqiqliklə bilən praqmatik bir lideri var.

2020-ci il

dünya üçün pandemiya ili olsa da, Azərbaycan üçün həm də möhtəşəm Qələbə ili

kimi tarixə yazıldı. 2020-ci il həyatımızı zəhərləyən viruskimilərin üzərində

çalınan Zəfər ili kimi yaddaşımıza möhürünü vurdu.

Azğınlaşan

düşmən 2020-ci ilin isti yay günlərində Tovuz rayonu istiqamətində sərhədlərimizə

təcavüz edərək yeni təxribatlara əl atdı. Generalımız, əsgər və zabitlərimiz şəhid

oldular. Bu hadisə xalqı ayağa qaldırdı. Gənclər "Ya Qarabağ, ya

ölüm!" deyərək hərbi komissarlıqlara axışdı. Ali Baş Komandan öz xalqının

qətiyyətini görüb "dəmir yumruğ"unu düyünlədi və düşmənə son mesajını

verdi.

2020-ci il

sentyabrın 27-də düşmən artilleriyanın gücündən istifadə edərək bütün cəbhə

boyu ordumuzun yerləşdiyi əraziləri və dinc əhalinin yaşadığı yaşayış məntəqələrini

atəşə tutdu. Məqsəd yeni ərazilər zəbt etmək idi. Amma düşmən yanılırdı. İndi

qarşılarında 1990-cı illərin nizamsız ordusu yox, müasir, güclü, nizamlı Azərbaycan

Ordusu, həm də xalqın birliyindən və inamından güc alan qətiyyətli Ali Baş

Komandan var idi.

Prezident

xalqa müraciət edərək düşmənin xain hücumu barədə məlumat verdi. Ali Baş

Komandan qətiyyətli çıxışı, səmimiyyəti ilə xalqda möhkəm inam yaratdı. Bu inam

milləti bir yumruq kimi birləşdirdi. Elə döyüşün ilk saatlarından qazandığımız

uğurlar göstərdi ki, ordunun gücləndirilməsi üçün aparılan tədbirlər öz bəhrəsini

verir.

Müharibə təkcə

döyüş zonasında getmirdi, informasiya və diplomatiya cəbhəsində də vəziyyət

olduqca gərginləşmişdi. Ermənipərəst medianın, muzdlu jurnalistlərin ölkəmizə

qarşı hücumu səngimək bilmirdi. Dövlətimizin başçısı dəmir məntiqi, sarsılmaz

arqumentləri ilə muzdlu jurnalistləri susdurub yerlərində oturtdu. Hətta bəziləri

dalana dirəndiklərini etiraf etmək məcburiyyətində qaldılar.

Prezidentin

hər çıxışı əsgərlərimizdə ruh yüksəliyi yaradır, ordunun döyüş əzmini daha da

artırırdı. Yaralı hərbçilərlə görüşündə dövlətimizin başçısının hər bir əsgərə

ata qayğısı ilə yanaşması xalqımızın yaddaşına əbədi yazıldı.

44 günlük Vətən

müharibəsi bir daha sübut etdi ki, Azərbaycan xalqı Vətəni üçün canından keçməyə

hazırdır. Biz o günlərdə oğlunun tabutunu çiynində aparan ananı, həyat

yoldaşının əsgər formasını geyinib "Təki Vətən sağ olsun" deyən

qadını, qardaşının cənazəsinə girən bacını gördük. Yaralı yoldaşını belində

daşıyaraq döyüşən igidləri, şəhid olmuş döyüş yoldaşının nəşini kilometrlərlə

çiyinlərində aparan mərd oğulları gördük. Bütün bunlar xalqımızın möhkəm,

qırılmaz iradəsini, qələbə ruhunu,Vətən sevgisini, bütövlüyünü əks etdirən

kefiyyətlər idi.

Bu mübarizə

göstərdi ki, Azərbaycan xalqı bir olduqda qarşısında heç bir güc dayana bilməz.

İlham Əliyevin uzaqgörən siyasəti, ordumuzun yenilməz qəhrəmanlığı və xalqın

sarsılmaz birliyi tariximizin ən parlaq səhifəsini yaratdı. Biz bu zəfəri

yalnız torpaqlarımızı azad etməklə qazanmadıq, - biz özümüzü, ruhumuzu, milli ləyaqətimizi

azad etdik. Şəhidlərimizin müqəddəs qanı ilə yazılan bu Qələbə əbədi dövlətimizin

dayağı, millətimizin qüruru, gələcək nəsillərin yol göstəricisi olacaq.

Qarabağda ucalan hər bir ev, tikilən hər bir məktəb, açılan hər bir ocaq bu

xalqın əzmini, gücünü, birliyini təbliğ edəcək. Azərbaycan 44 gündə təkcə

torpaqlarını deyil, həm də gələcəyini qazandı. Bizi gözəl gələcəyə aparan yolun

adı Qələbədir!

 

Elşən

QƏNİYEV,

"Azərbaycan"

Seçilən
23
azerbaijan-news.az

1Mənbələr