Aguada Fénix adlı qədim tikili qədim mayaların kosmoloji dünyagörüşünü əks etdirən nəhəng “kosmogramma” kimi tanınıb...
Poliqon xəbər verir ki, arxeoloqlar Meksikanın cənub-şərqində yerləşən və təxminən 3 min il yaşı olan Aguada Fénix kompleksinin sadəcə monumental bir tikili deyil, qədim mayaların kainat haqqındakı təsəvvürlərini əks etdirən nəhəng kosmik model “kosmogramma” kimi planlaşdırıldığını müəyyən ediblər. Tədqiqatın nəticələri Science Advances elmi jurnalında dərc olunub.
Aguada Fénix mayalar mədəniyyətinin indiyə qədər məlum olan ən böyük memarlıq kompleksidir. Onun ölçüləri təxminən 9 × 7,5 kilometr (5,6 × 4,7 mil) təşkil edir ki, bu da onu bir çox sonrakı mezomerikan şəhərləri ilə müqayisə edilə biləcək, bəzən isə onlardan daha geniş bir sahəyə çevirir.
LiDAR texnologiyası və 2020–2024-cü illərdə aparılan qazıntılar nəticəsində məlum olub ki, kompleksə bəndlər, kanallar, terraslar və “E-qrupu” (E-group) adlanan, Günəşin hərəkəti və təqvim dövrlərinin müşahidəsi ilə əlaqəli mərasim memarlığı daxil olub.
Alimlərin fikrincə, Aguada Fénix kompleksi mayalarda hələ mərkəzləşmiş siyasi hakimiyyət və məcburi əmək sistemi formalaşmadan çox əvvəl yaradılıb. Qazıntılar zamanı hakim elitalara aid sübutlara rast gəlinməyib. Bu isə tikintinin kollektiv, könüllü və rituall xarakter daşıdığını göstərir.
Tədqiqatçılar hesab edirlər ki, insanlar bu nəhəng “kainat xəritəsi”ni inşa etmək üçün bir yerə toplanaraq ortaq mərasimlərdə və sosial tədbirlərdə iştirak ediblər. Bu cür kollektiv fəaliyyət cəmiyyət daxilində əlaqələri möhkəmləndirib, mübadilə və dini ayinlər üçün zəmin yaradıb.
Məqalədə vurğulanır ki, bu kəşf qədim mayalar barədə formalaşmış elmi təsəvvürləri dəyişir: mürəkkəb memarlıq və irimiqyaslı ictimai layihələr mərkəzləşdirilmiş siyasi strukturlar yaranmadan da meydana çıxa bilərdi. Bu nəticə Mezomerika sivilizasiyalarının inkişaf modellərinə yeni baxış təqdim edir.
Poliqon.info