AZ

Hasilat ahəngdar, ixrac fasiləsizdir

BP-nin 9 ay üzrə hesabatına görə yeni layihələrin icrası da ləngimir

BP şirkəti ölkəmizdə operatoru olduğu layihələr çərçivəsində ilin ötən üç rübündə görülən işlər və aparılan əməliyyatlar barədə məlumat verib. İlk növbədə "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarından hasilatın həcmi, burada həyata keçirilən qazma işləri və digər tədbirlər açıqlanıb. 

Cari ilin üç rübü ərzində bu yataqlar blokundan hasilat stabil, təhlükəsiz və etibarlı şəkildə davam edib. Bu dövrdə "Çıraq" platformasından gündə orta hesabla 21 min, "Mərkəzi Azəri"dən 88 min, "Qərbi Azəri"dən 75 min, "Şərqi Azəri"dən 43 min, "Dərinsulu Günəşli"dən 52 min, "Qərbi Çıraq"dan 24 min və ACE-dən 24 min barel, ümumilikdə AÇG-dən 327 min barel, 9 ay ərzində isə təxminən 89 milyon barel, yəni 12 milyon ton neft hasil olunub.

Sözügedən dövrdə AÇG-dən Azərbaycan dövlətinə əsasən Səngəçal terminalından, həmçinin "Neft Daşları"ndakı qurğu vasitəsilə səmt qazının təhvil verilməsi davam edib.

"Şahdəniz" yatağından da hasilat ahəngdardır. 9 ayda "Şahdəniz Alfa" və "Şahdəniz Bravo" platformalarından ümumilikdə təqribən 21 milyard standart kubmetr qaz və təxminən 3 milyon ton kondensat hasil edilib. Qeyd edək ki, "Şahdəniz"in mövcud qurğularının hasilat gücü gündə təxminən 75,7 milyon (ildə təqribən 27,6 milyard) standart kubmetrdir. 

Azərbaycan neftinin və qazının ixracı da fasiləsiz davam edir. Belə ki, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə üç rüb ərzində ixrac olunan təqribən 19 milyon ton (təxminən 159 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 216 tankerə yüklənərək dünya bazarına yola salınıb. Kəmər istifadəyə veriləndən - 2006-cı ilin ortalarından bu il sentyabrın sonunadək ixrac olunmuş neftin həcmi isə 613 milyon tona yaxın (4,6 milyard bareldən çox) olub.

Cənubi Qafqaz Boru Kəməri (CQBK) də ahəngdar işləyir. İlin əvvəlindən kəmərin ixrac üçün gündəlik orta ötürücülük gücü 63,1 milyon kubmetr təşkil edib. CQBK vasitəsilə qaz Azərbaycana, Gürcüstana və Türkiyəyə çatdırılır, genişləndirilmiş CQBK ilə mavi yanacaq Türkiyəyə və Avropaya ixrac olunur.

BP-nin əməliyyatçılığı ilə həyata keçirilməsinin müxtəlif mərhələlərində olan bir sıra layihələr də var. Məsələn, AÇG üzrə mövcud hasilatın pay bölgüsü (HPBS) sazişinə sərbst təbii qazla (STQ) bağlı yeni əlavənin imzalanmasından sonra ilkin hasilat quyusu planlaşdırılıb və "Qərbi Çıraq" platformasından təhlükəsiz şəkildə qazılıb. Bu quyudan əldə edilən məlumatlar AÇG-dəki sərbəst təbii qaz ehtiyatlarının işlənməsi üçün gələcək planların hazırlanmasına kömək edəcək.

İndiyədək Azərbaycanda neft, qaz və ixrac layihələrinə operatorluq edən BP hazırda ölkəmizdə yeni bir bərpaolunan enerji layihəsinə də start verib. Belə ki, şirkət işğaldan azad olunmuş Cəbrayıl rayonunda "Şəfəq" Günəş-Elektrik Stansiyasını tikir və obyektdə inşaat işləri qrafikə uyğun irəliləyir.

Bu il iyunun 2-də Səngəçal terminalının investorları STEL layihəsini də təsdiqlədilər. Bu layihə terminalın elektrikləşdirilməsini nəzərdə tutur. STEL "Şəfəq" günəş layihəsi ilə "virtual enerjiötürmə mexanizmi" adlanan yeni kommersiya modeli vasitəsilə sıx əlaqədardır. Bu mexanizmə əsasən, "Şəfəq" elektrik enerjisi istehsal edərək onu Cəbrayıl rayonunda "Azərenerji"yə verəcək, "Azərenerji" isə sonra eyni həcmdə elektrik enerjisini Səngəçal terminalına ötürəcək.

İyun ayında yekun investisiya qərarı qəbul edildikdən sonra ŞDK ("Şahdəniz" Kompressiya Layihəsi) layihəsi üzrə də işlər bir sıra iri müqavilələrin imzalanması ilə irəliləyib. Bu layihədə məqsəd "Şahdəniz"dəki aşağıtəzyiqli qaz ehtiyatlarını əlçatan etməklə onların hasilatının təmin olunmasıdır. 

Bəs digər layihələr üzrə işlər necə gedir? "Şəfəq-Asiman" dəniz blokunda TPAO-nun qoşulması ilə layihəni irəli aparacaq ən uyğun variantın müəyyənləşdirilməsi üçün blokun bundan sonrakı qiymətləndirilməsi sürətləndiriləcək. Bu məqsədlə Aşağı Suraxanı layına bir quyunun qazılması da daxil olmaqla əlavə qiymətləndirmə işləri həyata keçiriləcək. Bu fəaliyyətlərə imkan yaratmaq üçün, həmçinin HPBS-nin kəşfiyyat dövrü uzadılıb.

Bu ilin iyun ayında BP, həmçinin "Qarabağ" neft yatağının işlənməsi üzrə mövcud Risk Xidməti Sazişinə (RXS) və "Əşrəfi-Dan Ulduzu-Aypara" (ADUA) sahəsinə aid HPBS-yə qoşuldu. Bu sazişlər Xəzərdə mövcud infrastrukturdan ən səmərəli şəkildə istifadə etməyə imkan yaradacaq yeni işlənmə variantlarını müəyyənləşdirmək istiqamətində BP-nin SOCAR-la əməkdaşlığında yeni perspektivlər açır.

BP öz işçi heyəti haqqında da məlumat verib. Belə ki, şirkətin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2389 nəfərdir və buraya müddətli müqavilə əsasında çalışanlar da daxildir. 2018-ci ilin ortalarından BP-nin ixtisaslı işçilərinin 90 faizini milli kadrlar təşkil edirlər. İxtisası olmayan işçilərin isə hamısı yerli vətəndaşlardan ibarətdirlər. 

Əməliyyatçı şirkət belə hesab edir ki, onun Xəzərdəki layihələrinin uğuru həm də regiondakı ölkələrin əhalisi üçün bu layihələr vasitəsilə hiss edilən faydalar yaratmaq bacarığından asılıdır. Buna nail olmaq üçün BP öz tərəfdaşları ilə birlikdə mühüm sosial investisiya layihələri həyata keçirməyə davam edir. 

2025-ci ilin ilk üç rübündə BP və tərəfdaşları belə sosial investisiya layihələrinə Azərbaycanda təxminən 1,1 milyon dollar vəsait xərcləyiblər. İlk doqquz ay ərzində bu layihələrə hazırda davam edən 22 təhsil proqramı, yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən 1 layihə və ətraf mühit üzrə 1 təşəbbüs daxil idi.

Bundan əlavə, BP ayrıca bir şirkət kimi öz adından Azərbaycanda sponsorluq etdiyi layihələrə ilin ilk üç rübündə təxminən 1,3 milyon dollar vəsait xərcləyib.

F.SADIQLI,

"Azərbaycan"

Seçilən
47
azerbaijan-news.az

1Mənbələr