Elm dünyasında mühüm yenilik baş verib. ABŞ Milli Səhiyyə İnstitutunun (NIH) “BRAIN Initiative Cell Atlas Network” proqramı çərçivəsində alimlər insan və digər məməlilərin beyin hüceyrələrinin inkişaf mərhələlərini əks etdirən ilk ətraflı beyin atlasını təqdim ediblər.
AzEdu.az-ın xarici mediadan əldə etdiyi məlumata görə, yeni araşdırma nəticəsində siçanlarda 5 mindən çox fərqli beyin hüceyrəsi növü müəyyən edilib. Alimlər hesab edirlər ki, insan beynində bu rəqəm daha da çox ola bilər. Tədqiqat beynin hansı hüceyrə növlərindən formalaşdığını, bu hüceyrələrin hansı genləri aktivləşdirdiyini və inkişaf prosesində hansı mərhələlərin kritik rol oynadığını aydın şəkildə göstərir.
Mütəxəssislərin sözlərinə görə, əldə edilən nəticələr gələcəkdə autizm, şizofreniya və beyin şişləri kimi xəstəliklərin yaranma mexanizmlərini daha dərindən anlamağa kömək edəcək. Məsələn, bəzi beyin şişlərinin embrion dövründəki progenitor hüceyrələrinə bənzədiyi müəyyən olunub.
Elm ictimaiyyəti bu atlası neyroelm üçün dönüş nöqtəsi hesab edir. O, həm beyin inkişafını genetik səviyyədə izləməyə, həm də fərqli növlər arasında müqayisələr aparmağa imkan verəcək.
Tədqiqatın müəllifləri bildirirlər ki, bu hələ tam atlas deyil, insan beyninin bütün inkişaf mərhələlərini, fərqli yaş dövrlərini və xəstəlik hallarında baş verən dəyişiklikləri izləmək üçün əlavə araşdırmalara ehtiyac var.