Pekin qlobal tədarük zəncirlərində sabitliyi qorumağa çalışır...
Poliqon xəbər verir ki, Çin Ticarət Nazirliyi yerli ixracatçılardan daxil olan müraciətləri təsdiqləyərək yarımkeçirici məhsulların ixracı üçün lisenziyalar verib. Bu barədə rəsmi “Sinxua” agentliyi məlumat yayıb. Nazirlik həmçinin Çin konserni Wingtech-ə məxsus Nexperia China şirkətinin təchizat fəaliyyətini bərpa edib.
Nazirlik nümayəndəsi He Yadun bildirib ki, lisenziyaların operativ şəkildə verilməsi Pekinin “yarımkeçirici sənayesində qlobal istehsal və tədarük zəncirlərinin sabitliyi və təhlükəsizliyinə məsuliyyətli yanaşmasını” nümayiş etdirir. Onun sözlərinə görə, Niderland hökumətinin Nexperia şirkətinin daxili işlərinə müdaxiləsi bu zəncirlərə təhdid yaradır. He Yadun Niderland tərəfini məsuliyyət nümayiş etdirməyə və “Nexperia məsələsinin konstruktiv həllinə töhfə verməyə” çağırıb.
Xatırladaq ki, oktyabrın 12-də Niderland İqtisadiyyat Nazirliyi Nexperia şirkətinə qarşı “malların əlçatanlığı haqqında qanun”un tətbiq edildiyini açıqlamışdı. Amsterdam məhkəməsi şirkətin baş direktoru Çjan Syueçjeni vəzifəsindən uzaqlaşdıraraq onun yerinə müvəqqəti idarəçi təyin edib. Nexperia Holding şirkətinin bütün səhmləri – bir istisna olmaqla – müstəqil idarəçiyə həvalə olunub.
Buna cavab olaraq Çin hökuməti Nexperia ilə bağlı ixrac məhdudiyyətləri tətbiq edib. Qərara əsasən, şirkətin Çindəki bölmələri və onun subpodratçıları bəzi komponentləri ölkədən kənara çıxara bilməz. Nəticədə, Nexperia müəssisələri Çin daxilində Niderland ofisi ilə əməkdaşlığı dayandırıb.
Poliqon.info