Milli Məclisdə 2026-cı ilin dövlət büdcəsinin müzakirələri başlayıb. Mediada yazılanlardan görünür ki, hökumət büdcə xərclərini optimallaşdırmaq, regionların büdcədən asılılığını azaltmaq üçün addımlar atmağı planlaşdırır. Bir sözlə, hökumət hesab edir ki, artıq bir çox region öz gəlir mənbələrini tapmalı, öz büdcələrini formalaşdırmalıdır. Bu, növbəti ildən regionlararası rəqabətin genişlənməsinə imkan verəcək. Əgər bu günə qədər bir çox region investisiya cəlbi üçün təşəbbüs göstərməyib, layihələri əsasən büdcə vəsaiti ilə maliyyələşdirirdisə, növbəti ildən həmin regionlar öz layihələri üçün maliyyə mənbələrini özləri formalaşdırmağa məcbur qalacaqlar. Başqa sözlə, regionlar özləri üçün yaratdıqları komfort zonadan çıxırlar.
Dövlət Statistika Komitəsinin rəqəmlərinə baxdıqda aydın olur ki, ölkənin əsas iqtisadi resursları Bakı, Abşeron və Sumqayıtda cəmləşib. Ümumi əhalinin 31 faizdən bir az artıq hissəsi (təxminən 3,2 mln nəfər) də məhz bu ərazilərdə yaşayır. Bunun da nəticəsində bura maqnit kimi həm bacarıqlı işçi qüvvəsini, həm də potensial investorları özünə cəlb etməkdədir. Dövlət Statistika Komitəsinin rəqəmləri üzərindən baxdıqda aydın olur ki, əgər 2015-ci ildə qeyd edilən 3 ərazidə toplam 2 mln 767 min nəfər yaşayırdısa və burada elektrik enerjisi istifadəsi 12 110 kVt·saat təşkil edirdisə, artıq 2024-cü ilin rəqəmlərinə əsasən bu ərazidə əhalinin sayı 3 mln 212 min nəfərə, elektrik enerjisi istifadəsi isə 386,1 kVt·saat artaraq 15 496,9 kVt·saata çatıb. Bu rəqəmlər onu göstərir ki, qeyd edilən ərazilərdə iqtisadi aktivlik sürətlə artmaqdadır.
Lakin bunun müsbət tərəfi ilə yanaşı, mənfi tərəfi də var: əhalinin bu bölgələrdə cəmləşməsi mərkəz-region balansını ciddi şəkildə pozur. Hazırda Bakıdan sonra ölkənin ikinci böyük şəhəri sayılan Gəncə ilə Sumqayıtın əhali sayı müqayisə edildikdə, Sumqayıt öndədir,əhali hazırda 427 minin üzərindədir. 2015-ci ildə bu iki şəhərin əhalisi arasında fərq cüzi idi, cəmi 6 min nəfər. 2015-dən bəri Sumqayıtın əhalisi 100 minə yaxın artdığı halda, Gəncənin əhalisi cəmi min nəfər artıb. Aydındır ki, Sumqayıtda əhali artımında təbii faktorlarla yanaşı, daxili miqrasiya da əhəmiyyətli rol oynayıb. Yəni Sumqayıtın iqtisadi aktivləşməsi ora axını sürətləndirib.
Hindistan əsilli iqtisadçı-ekspert Ruçir Şarma öz əsərində bu mövzuya toxunaraq qeyd edir ki, mərkəzlə ikinci şəhər arasında fərq 3:1 olduqda ciddi sosial-iqtisadi problemlər və gərginliklər yarana bilir. Hazırda Bakı ilə Gəncə arasında fərq 7 dəfədir. Gəncə həm coğrafi mövqeyinə, həm də potensialına görə “ikinci şəhər” kimi inkişaf imkanı daşısa da, statistik göstəricilər Gəncənin təkcə Bakı, Sumqayıt və Abşeronla müqayisədə deyil, hətta ətraf rayonlarla müqayisədə də geri qaldığını göstərir. Məsələn, 2015–2024-cü il rəqəmlərini müqayisə etdikdə görünür ki, Göygöldə əhali sayı 3 min, Şəmkirdə 8 min, Samuxda 2 min nəfər artıb. Qeyd edilən şəhərlərin elektrik enerjisi istifadəsinə baxdıqda yenə Şəmkirdə 87,7 kVt·saat, Göygöldə 4,6 kVt·saat, Samuxda 11,9 kVt·saat artdığı görünür. Gəncə şəhərində isə, əksinə, 2015-ci illə müqayisədə elektrik enerjisinin 2024-cü ildə istifadəsi -48,3 kVt·saat azalıb.
Bu nəyi göstərir? Birincisi, bu, ailə təsərrüfatlarının inkişaf etmədiyini göstərir. Əhalinin say dinamikası da ailə sayında minimal artımı təsdiqləyir. İkincisi, şəhərdə yeni istehsal sahələrinin yaradılmadığını. Statistika Komitəsinin rəqəmləri də bunu deyir: 2015-ci ildə şəhərdə 135-dən çox sənaye müəssisəsi var idisə, hazırda bu say 116-dır. İşsizlik də 2015-ci ildəki 5 faizdən 2024-cü ildə 7 faizə yüksəlib. Deməli, əmək bazarında iş yerlərinin sayı azalıb və bir yerə iddi edən namizədlərin sayında əhəmiyyətli artım müşahidə edilir. Nəticə etibarilə, böyük iqtisadi potensiala malik Gəncə daxili miqrantları cəlb etmək əvəzinə, özü digər regionlara miqrant göndərir. Belə olan halda istedadlı və bacarıqlı işçi qüvvəsi şəhəri tərk edir və başqa yerlərin inkişafına töhfə verir.
Çıxış yolu nədir? Yerli orqanlar şəhər iqtisadiyyatına investisiya cəlb etmək üçün sahəyə enməlidirlər. “Gəncəyə hara investisiya etmək olar? Necə olar? Potensial nədir?” suallarına aydın, sistemli cavab verən materiallar olmalıdır. Təəssüf ki, belə məlumatlar yerli orqanların saytlarında yoxdur. Belə olan halda, vəsaiti olan investor ilk növbədə özünə yaxın əraziyə üz tutur. Zatən ölkə üzrə vergi və gömrük rejimi eynidir, şərtlər bərabərdir. Burada qalan əsas məsələ investoru konkret olaraq Gəncəyə cəlb etməkdir. Bunun üçün də əsas funksiyalardan biri yerli orqanların üzərinə düşür.
İşğaldan azad edilən ərazilərin yenidən qurulması və idarə edilməsində ölkə başçısı yeni mexanizm tətbiq etdi və burada Prezidentin xüsusi nümayəndəlik institutunu yaratdı. Azərbaycan üçün yeni olan bu mexanizm üzərindən keçən müddət ərzində effektiv olduğunu göstərməkdədir. Xüsusi nümayəndələr əsasən qurumlararası koordinasiyanı həyata keçirdiyi üçün masaya gələn layihələrin reallaşması mexanizmi sürətlənir.
Bu uğurlu praktikadan çıxış edərək, Gəncə kimi böyük iqtisadi potensiala malik şəhərdə də bu institutun təsis edilməsi effektiv ola bilər. İlk öncə bu, Gəncəyə yeni investisiyaların cəlb edilməsini sürətləndirə bilər, ikincisi isə yerli orqanların sahədə effektivliyini artırar. Gəncənin ikinci şəhər kimi iqtisadi potensialının gücləndirilməsi sadəcə bu region üçün deyil, ümumilikdə Bakı, Sumqayıt və Abşeronun yükünün azaldılması baxımından da vacibdir.
Aqil Məmmədov, analitik