AZ

KİV: Pokrovskda ağır döyüşlər davam edir

BAKI, 7 noyabr. TELEQRAF

Donetsk vilayətinin Pokrovsk şəhəri ətrafında şiddətli döyüşlər davam edir.

Teleqraf "The Wall Street Journal"a istinadən xəbər verir ki, Rusiya qüvvələri şəhərə yaxınlaşsa da, bu istiqamətdə irəliləyiş böyük itkilər hesabına baş verir.

Məlumata görə, demək olar ki, tamamilə dağıdılmış Pokrovskda küçə döyüşləri gedir. Ukrayna hərbçiləri bildirirlər ki, Rusiya ordusu kiçik hücum qrupları ilə şəhər daxilində mövqe tutur və dronlardan geniş istifadə edir. Hərbiçilərin sözlərinə görə, qarşı tərəf say və texnika üstünlüyünə malikdir.

Ukrayna tərəfi Moskvanın "şəhərdə mühasirə" iddiasını təkzib etsə də, vəziyyətin son dərəcə gərgin olduğunu qəbul edir. Analitiklər Pokrovskun bir neçə həftə ərzində düşə biləcəyini istisna etmirlər. Bununla yanaşı, bəzi bölmələrin şəxsi heyət itkisi səbəbindən ciddi şəkildə zəiflədiyi bildirilir.

Pokrovskun itirilməsi Ukrayna üçün həm strateji, həm də psixoloji baxımdan zərbə ola, Rusiya üçün isə 2023-cü ildə Baxmutun ələ keçirilməsindən sonra ən böyük qazanclardan birinə çevrilə bilər.

Seçilən
19
1
teleqraf.com

2Mənbələr