AZ

Avropa İttifaqı cinayətlə mübarizədə süni intellektdən istifadə etmək istəyir

BAKI, 7 noyabr. TELEQRAF

"Avropa İttifaqının hüquq-mühafizə orqanları cinayətlə mübarizədə süni intellekt (Aİ) texnologiyalarının tətbiqinə çalışır. Lakin hazırkı qanunvericilik bu prosesə ciddi məhdudiyyətlər yaradır".

Teleqraf xəbər verir ki, bunu Avropanın cinayətkarlıqla mübarizə agentliyi olan “Europol”un icraçı direktorunun müavini Yurgen Ebner “Politico”ya müsahibəsində bildirib.

Onun sözlərinə görə, indiki qanunvericilik süni intellektin istintaqlarda istifadəsi üçün əvvəlcə məlumatların qorunması və əsas insan hüquqlarına riayət olunması ilə bağlı xüsusi qiymətləndirmənin aparılmasını tələb edir. Bu prosedur 8 aya qədər davam edə bilər.

Ebner qeyd edib ki, prosesin bu qədər ləng getməsi “insan həyatına real təhlükə yarandığı hallarda” operativ müdaxiləni çətinləşdirir. Bu səbəbdən o, fövqəladə vəziyyətlər üçün sürətləndirilmiş tətbiq mexanizminin hazırlanmasını təklif edir.

Qurum rəsmisi daha əvvəl də hüquq-mühafizə orqanlarına çox mürəkkəb və uzun normativ prosedurlara ehtiyac olmadan, fövqəladə hallarda süni intellektdən istifadə imkanı verən xüsusi istisna mexanizminin yaradılmasının vacibliyini vurğulamışdı.

Seçilən
15
teleqraf.com

1Mənbələr