AZ

Nəsib Məhəməliyev: “Rusiyapərəst qüvvələrin hakimiyyətə gəlməsi yeni müharibəyə yol aça bilər”

Sherg.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Avropa İttifaqı Paşinyanı hakimiyyətdə saxlamağa məhkumdur

Milyonlarla rusiyalı erməni seçkilərdə Paşinyanın aqibətini müəyyən edə bilər

Ermənistanda seçkilər yaxınlaşdıqca siyasi gərginlik də artır. Revanşist qüvvələr hər fürsətdən istifadə edərək, aktivləşməyə çalışır. Eyni zamanda, Kilsə Paşinyan qarşıdurması da davam edir. Həbslər və revanşist dairələrin fəallaşması ölkədə siyasi xaosun yeni mərhələsinin göstəricisidir. Baş nazir Nikol Paşinyan bütün ermənilərin katolikosu II Qareginin qardaşı Yezras Nersisyanı "KQB agenti" adlandırıb. Onun sözlərinə görə, dərc olunmuş faktlar açıq şəkildə göstərir ki, Qaregin hələ sovet ittifaqı dövründə "KQB" agenti kimi cəlb olunub: "İndiyədək nə katolikos, nə də onun qardaşından izahat tələb olunub. İki suala çox konkret cavab verilməlidir, birincisi, qardaş məsələsi ilə bağlıdır. İkincisi, əgər Ktriç Nersisyanın (II Qaregin) övladı varsa, belə bir şəxs bütün ermənilərin katolikosu taxtını tuta bilərmi? Bu proses təkcə din pərdəsi altında gizlənən siyasi oyundur. Revanşistlər cəmiyyətin hisslərini manipulyasiya edərək hakimiyyətə qayıtmaq planı qururlar. Halbuki bu qruplar 30 il ərzində ölkəni korrupsiya, təcrid və işğal siyasəti ilə bataqlığa salmışdılar. İndi isə özlərini "xilaskar" kimi göstərməyə çalışırlar. İrəvan hökuməti Kilsə daxilindəki həbsləri dövlətin dini simvolları arxasında gizlənən siyasi təxribatlara qarşı cavab addımı kimi dəyərləndirir. Qeyd edirlər ki, bu, hüquqi yox, təhlükəsizlik məsələsidir. Revanşistlərin məqsədi daxildə xaos yaradıb Paşinyanın islahat xəttini pozmaqdır. Ekspertlərin fikrincə, erməni toplumu revanşistlərin hakimiyyətə qayıdacağı təqdirdə Ermənistanın yenidən fəlakətə sürüklənəcəyini anlayır və o səbəbdən Paşinyanı dəstəkləyir. Lakin Paşinyan üçün seçkiləri mürəkkəbləşdirən başqa amillər də mövcuddur. 

Millət vəkili Nəsib Məhəməliyev Sherg.az-a açıqlamasında bildirib ki, Paşinyan hökumətinə qarşı rəqiblərinin yaratdığı təhlükə göz önündədir. Deputat bir məqama diqqət çəkərək, bu məsələnin gözardı edildiyini vurğulayıb:

 "Ermənistan qanunvericiliyində ikili vətəndaşlıq mövcuddur. Dünyanın istənilən ölkəsində yaşayan ermənilər avtomatik olaraq həm də Ermənistan vətəndaşı sayılırlar. Rusiyada yaşayan ermənilər Ermənistanda yaşayan ermənilərdən çoxdur. Rusiyadakı ermənilərin hər biri seçki prosesində subyektdir, seçicidir. O baxımdan, Paşinyan hakimiyyəti bu məsələyə ciddi diqqət yönəltməlidir. Rusiyada fəaliyyət göstərən zəngin ermənilər, oliqarxlar Moskva ilə əlaqələrin möhkəmlənməsində, bağlılığın saxlanmasında maraqlıdırlar. Rusiyada yaşayan milyonlarla erməni faktoru İrəvan hökumətinin nəzərindən qaçmamalıdır. Ya qanunvericilikdə dəyişiklik edilməlidir, yaxud hansısa formada onların seçkidə iştirakını məhdudlaşdırmalıdırlar. Əks halda səs sayı baxımından Paşinyan hakimiyyəti üçün ciddi problemlər yarana bilər". 

Parlament üzvü bəyan edib ki, əslində, Qərb də gözləmə mövqeyi tutur:

 "Bunun birinci səbəbi Rusiya-Ukrayna müharibəsi, ikinci səbəb isə Avropa İttifaqının təklənməsidir, çünki ABŞ Ukraynaya silah və maliyyə yardımı etmir. Buna baxmayaraq, Ermənistanda 2026-cı ildə keçiriləcək parlament seçkilərində Avropa İttifaqı maksimum cəhd edəcək ki, Ermənistan siyasətində qərbyönümlü qüvvələr hakimiyyətdə qalsınlar. Avropa İttifaqı Paşinyan hakimiyyətinə dəstək verməyə məhkumdur. Çünki Avro-Asiyadan gələn bütün kommunikasiya xətləri bağlıdır. İndiki vəziyyətdə ən yaxın, rahat və ən maliyyə vəsaiti tələb edən məhz Zəngəzur dəhlizidir. Qərb bu dəhlizin tezliklə işə düşməsində maraqlıdır. Əgər Ermənistanda rusyönümlü qüvvələr hakimiyyətə gələrsə, proseslər Aİ üçün xoşagəlməz istiqamətdə inkişaf edər. Digər tərəfdən, Ermənistanda ruspərəst qüvvələrin hakimiyyətə gəlməsi revanşistlərin meydana çıxması deməkdir. Əlbəttə, bu, bizim üçün də arzuolunmaz haldır. Yeni müharibə, münaqişə, qarşıdurma uzun illər regionda gərginliyin qalması ilə nəticələnər. O halda sülh müqaviləsinin bağlanmasından söhbət gedə bilməz". 

İsmayıl Qocayev 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
36
sherg.az

1Mənbələr