AZ

Vəhdət Partiyasının rayon rəhbəri SAXLANILDI

Azərbaycan Vəhdət Partiyasının (AVP) Abşeron rayon təşkilatının sədri həbs olunub. Təşkilat rəhbəri 10 nəfərə qarşı dələduzluqda ittiham edilir.

News365.az xəbər verir ki, 1987-ci il təvəllüdlü Rasim Xudaverdiyev Cinayət Məcəlləsinin dələduzluq ittihamı ilə təqsirli bilinərək həbs edilib. İş üzrə zərərçəkmiş şəxslərin sayı 10 nəfərdir.

İttihama görə, Rasim Xudaverdiyev pul aldığı şəxslərə sosial yardım düzəltmək, işə qəbul etdirmək, həbsdə olan şəxsi azadlığa çıxarmaq və universitetə qəbul etdirmək kimi vədlər verib.

Zərərçəkmiş şəxslərin ifadələrindən məlum olub ki, Rasim Xudaverdiyev onlarla partiyanın Abşeron rayon təşkilatının Xırdalanda yerləşən ofisində görüşüb. O, nüfuzlu şəxslərlə yaxın əlaqələrinin olduğunu, deputatlığa namizədliyini irəli sürdüyünü deyərək zərərçəkmiş şəxslərin etibarını qazanıb.

Cinayət işi materiallarında qeyd edilib ki, Xudaverdiyev müxtəlif vədlərlə vətəndaşlardan 4 000–10 000 manat məbləğlərində pul alaraq onları aldadıb.

Xudaverdiyev ifadəsində özünü qismən təqsirli bildiyini deyib, zərərçəkmiş şəxslərin bəzilərindən aldığı pulları etiraf edib. Digər epizodların isə mülki xarakter daşıdığını bildirib. O, zərərçəkənlərin pulunun bir hissəsini ödədiyini, qalan məbləği ödəməyə maddi imkanının olmadığını deyib.

Abşeron Rayon Məhkəməsinin hökmü ilə Rasim Xudaverdiyev 3 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Azərbaycan Vəhdət Partiyasının qurucusu keçmiş deputat Tahir Kərimlidir. Hazırki sədr Adəm İsmayıl Bakuvidir. (Mənbə: Teleqraf)

Seçilən
21
27
news365.az

10Mənbələr