AZ

Əməkdar artistdən Qurban Qurbanovla bağlı paylaşım: “Bu həqiqəti...”

“Elə bir fikir var ki, guya xoşbəxtlik, uğur və müvəffəqiyyət bizi haradasa uzaqlarda – dənizlərin o tayında, yad ölkələrdə gözləyir. “Burada alınmadı, amma orada mütləq alınacaq”, – deyə bəziləri daha yaxşı həyat axtarışında çamadanlarını yığarkən düşünür. Amma həyat göstərir ki, arzulara gedən yol nə təyyarə bileti ilə, nə də yeni ölkə ilə başlayır – o, insanda özünə və doğma torpağına olan inamla başlayır”.

"Yeni Sabah" xəbər verir ki, bu sözləri Əməkdar artist Bəhram Bağırzadə sosial şəbəkə hesabında yazıb.

O, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov haqda fikirlərinə belə davam edib:

“Mənim hər zaman xüsusi bir səmimiyyətlə xatırladığım bir nümunə var: böyük dostum, dünya şöhrətli yazıçı Çingiz Abdullayev. Onun kitabları onlarla dilə tərcümə olunub, Tokiodan Rio-de-Janeyroya qədər oxunur. Amma o, özü burada – Azərbaycanda yaşayır və yaradır. Mən haradasa İstanbulda və ya Berlində kitab mağazasına daxil olanda rəfdə onun romanlarını görəndə necə də sevinirəm!

Eyni hekayə böyük Azərbaycan rəssamı, dostum Sakit Məmmədovla da bağlıdır. O, şah əsərlərini Bakıda yaradır, amma onun rəsmləri dünyanın ən məşhur qalereyalarında, şəxsi kolleksiyalarda, hətta ingilis krallarının saraylarında sərgilənir. O getmədi – o, dünyanı buradan, Azərbaycanın ürəyindən fəth etdi.

Dünən isə bu həqiqəti sadə bir oğlan – Qurban Qurbanov parlaq şəkildə sübut etdi. O, istedadı, iradəsi və zəhməti sayəsində dünyanın ən titullu klubları ilə mübarizə aparmağın mümkün olduğunu göstərdi. “Çelsi”, “Benfika”, “Kopenhagen”. Dünən Avropanın ən güclü klublarından biri olan “Çelsi” ilə heç-heçə etmək elə qələbəyə bərabər idi və hər belə qələbə ölkəmizin imicinə xidmət edir”.

“Getmək – nail olmaq demək deyil. Uğur insanın özünə qarşı səmimiyyətindən, çox işləməyə hazır olmasından, intizamdan, Yaradanına və öz gücünə inamdan başlayır. Əgər sənin qəlbin doğma torpaqda qalır və əllərin yaratmağa hazırdırsa – sən hər şeyi bacararsan. Hətta evi tərk etmədən dünyanı fəth edə bilərsən.

Bu gün hamımızın duyduğu qürur hissi buna ən gözəl sübut deyilmi? Bayramın mübarək, Azərbaycan! Elə burada, bu torpaqda doğulan Qələbən mübarək!” - deyə B.Bağırzadə qeyd edib.

Aytac Əliyeva


Telegram kanalımız
Seçilən
15
2
yenisabah.az

3Mənbələr