Gülşən Əkbərova qeyd edib ki, 55 illik televiziya və radio fəaliyyətində dil məsələlərinin daim diqqət mərkəzində olduğunu görüb:
"Dil bizim varlığımız, şah damarımızdır. Biz qürur duymalıyıq ki, gözəl və zəngin dilimiz var. Dilimiz tariximizin, mədəniyyətimizin açarıdır."
Əməkdar artist televiziya və radioda ədəbi dil normalarına riayət edilməsinin vacibliyini vurğulayıb:
"Aparıcıların ən çox buraxdığı səhvlərdən biri heca vurğusunun pozulmasıdır. Azərbaycan dilinin fonetik, leksik və qrammatik qaydalarına əməl olunmur. Hər xalqın özünəməxsus tələffüzü və vurğusu var, bunu aparıcılar bilməlidirlər."
Gülşən Əkbərova həmçinin əcnəbi sözlərin yerinə Azərbaycan dilindəki qarşılıqların işlədilməsinin vacibliyini bildirib:
"Məsələn, "investisiya" yerinə "mənfəət", " motivasiya" yerinə "həvəsləndirmə" sözlərini işlətmək mümkündür. Bu, dilimizin saflığını qorumağa kömək edər."
Sonda o, gənc jurnalistlərə və aparıcılara müraciət edərək lüğətlərdən daha çox istifadə etməyi tövsiyə edib və vurğulayıb ki, radio və televiziya məktəbi dilin qorunmasında mühüm rol oynayır.