Ukrayna hökuməti 2030-cu ilə qədər Avropa İttifaqına (Aİ) tamhüquqlu üzv olmağı real hədəf kimi görür.
Editor.az xəbər verir ki, bu barədə Ukraynanın Avropa və Avro-Atlantik inteqrasiya üzrə baş nazirinin müavini Taras Kaçka “Politico” nəşrinə müsahibəsində bildirib.
Taras Kaçkanın sözlərinə görə, Ukraynanın 2028-ci ilə qədər Aİ-yə üzvlük danışıqlarını başa çatdırması və 2030-cu ilə qədər birliyin tamhüquqlu üzvü kimi qəbul olunması “tamamilə realist” məqsəddir.
“Biz bu prosesi təkcə siyasi ambisiya kimi deyil, real islahatlar və Avropa standartlarına uyğunlaşma çərçivəsində həyata keçirmək niyyətindəyik”, – deyə Kaçka vurğulayıb.
Qeyd edək ki, Aİ-nin xarici işlər naziri Kaja Kallas da daha əvvəl oxşar fikir səsləndirərək bildirmişdi ki, Albaniya, Moldova, Ukrayna və Monteneqro daxil olmaqla bir neçə ölkə 2030-cu ilə qədər Avropa İttifaqına üzv ola bilər. Onun sözlərinə görə, Ukraynanın Aİ-yə inteqrasiyası ölkə üçün həm də vacib təhlükəsizlik zəmanəti rolunu oynayacaq.
Bununla yanaşı, Macarıstanın baş naziri Viktor Orban bəyan edib ki, Budapeşt Ukraynanın Aİ-yə üzvlüyünü dəstəkləmir. O, bunun əvəzinə Kiyevlə strateji tərəfdaşlıq əlaqələrinin qurulmasının daha məqsədəuyğun olduğunu bildirib.
//Gülnarə Abasova, Editor.az