BAKI, 7 noyabr. TELEQRAF
“ABŞ-nin Çinin nüvə silahlarına nəzarət üzrə danışıqlara qoşulması tələbi bu mərhələdə qeyri-məntiqli və həyata keçirilməsi mümkün olmayan bir tələbdir”.
Teleqraf xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin deyib.
“Çinin nüvə potensialı ABŞ və Rusiyanın potensialı ilə müqayisə edilə bilməz və bu mərhələdə Çindən nüvə silahlarına nəzarət üzrə danışıqlara qoşulmasını tələb etmək ədalətsiz, məntiqsiz və mümkün olmayan bir şeydir,” - o vurğulayıb.
Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi qeyd edib ki, dünyanın ən böyük nüvə qüvvələrinə sahib olan ABŞ nüvə silahlarının ləğvi sahəsindəki öhdəliklərini vicdanla yerinə yetirməli, öz nüvə arsenalını azaltmaq üçün tədbirlər görməli və ümumi və tam nüvə tərksilahına nail olmaq üçün şərait yaratmalıdır.
ABŞ Prezidenti Donald Tramp bundan əvvəl bəyan edib ki, Rusiya, Çin və ABŞ nüvə silahlarının azaldılması barədə razılığa gələ bilərlər. O, nüvəsizləşdirməni “mükəmməl bir şey” adlandırıb və bu barədə Rusiya və Çin liderləri ilə danışdığını qeyd edib.