AZ

Orta məktəblərdə psixoloqların sayı artırıla bilər

Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 2026-cı ilin dövlət büdcəsi layihəsinə rəyində vətəndaşların sosial rifahının artırılması məqsədilə bir sıra təkliflər təqdim edib.

Hafta.az xəbər verir ki, təklif parlamentin bir neçə komitəsinin ortaq iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirilib. Müvəkkil qeyd edib ki, şəkərli diabet xəstələrinin təminatının gücləndirilməsi vacibdir. Onun sözlərinə görə, yeni elmi-tibbi biliklərin tətbiqi ilə bağlı aparılan hərtərəfli təhlil və qiymətləndirmələr, həmçinin Türkiyə kimi ölkələrin müsbət təcrübələri nəzərə alınmaqla, şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə təminatı gücləndirilməlidir.

Bununla yanaşı, Ombudsman ictimai nəqliyyatda sosial qruplara güzəştlərin tətbiqinin zəruriliyini vurğulayıb. O bildirib ki, xarici ölkələrin təcrübəsi nəzərə alınmaqla təqaüdçülər, əlilliyi olan şəxslər, şagird və tələbələr üçün ictimai nəqliyyatda güzəştlər tətbiq olunmalıdır.

Səbinə Əliyeva həmçinin orta təhsildə sosial bərabərliyin təmin olunması məqsədilə şagirdlərə dərsliklərlə yanaşı, digər çalışma və köməkçi vəsaitlərin də dövlət hesabına verilməsini təklif edib. O xatırladıb ki, ölkəmizdə orta təhsil icbaridir və tədris proqramlarında bu vəsaitlərdən komplekt şəkildə istifadə nəzərdə tutulur.

Bundan əlavə, Ombudsman orta məktəblərdə psixoloq ştatlarının artırılmasının vacibliyinə diqqət çəkib. Onun fikrincə, mövcud ştat sayı şagird sayına nisbətdə kifayət qədər deyil və bu sahədə artıma ciddi ehtiyac var.

Seçilən
12
2
hafta.az

3Mənbələr