AZ

“Bunu etməsək, bizi sonsuz müharibə gözləyir” “Avropa ABŞ nin qərar verməsini gözləməli deyil”

Azpolitika.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Əgər Avropa Ukraynadakı strategiyasını dəyişməsə və Rusiyaya təzyiqi kökündən artırmasa, müharibə sonsuz olacaq, hücuma məruz qalan ölkə isə tədricən ərazisini itirəcək. 

“AzPolitika” xəbər verir ki, bunu NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen "The Guardian" qəzetinə verdiyi müsahibədə deyib.

O qeyd edib ki, Avropa hələ atəşkəs razılaşdırılmadan əvvəl Ukraynaya qoşun yeritməli, həmçinin Ukrayna infrastrukturunu qorumaq üçün onun ərazisində raket və pilotsuz təyyarə qalxanı yaratmalıdır: "Biz Ukrayna xalqına Rusiya raket və pilotsuz təyyarələrini vurmağa kömək edəcək hava qalxanı qurmaqla özlərini qorumağa kömək etməliyik. Ukrayna ilə həmsərhəd olan NATO ölkələri NATO-nun hava və raketdən müdafiə sistemlərinə ev sahibliyi edə bilərlər".

2009-cu ildən 2014-cü ilə qədər Alyansa rəhbərlik etmiş Rasmussenin sözlərinə görə, əgər Polşa və NATO-nun şərq cinahındakı digər ölkələr belə havadan müdafiə sistemlərini yerləşdirsələr, Rusiya onlara qarşı hücumun bütün bloka hücum demək olduğunu başa düşəcək.

O, həmçinin hesab edir ki, uzun mənzilli raketlərin Ukraynaya verilməsi vacibdir və avropalılar bu istiqamətdə ilk addımı atmalıdırlar, əvvəlki kimi ABŞ-nin belə bir qərar verməsini gözləməli deyillər.

O hesab edir ki, Almaniya Kiyevə "Taurus" raketləri verərsə, Amerikayla "Tomahawk" raketlərinin tədarükü ilə bağlı müzakirələri bərpa etmək mümkün olacaq.

Xatırladaq ki, hazırkı Almaniya kansleri Fridrix Merts və onun Xristian Demokrat İttifaqındakı həmkarları müxalifətdə olduqları zaman "Taurus" raketlərinin Ukraynaya verilməsini müdafiə ediblər, lakin o vaxtkı kansler Olaf Şolts buna qarşı çıxmışdı. Ancaq Merts hakimiyyətə gəldikdən sonra hələ də Kiyevə 500 km mənzilə malik bu raketləri verməyib. Rasmussen hesab edir ki, Berlinin bu məsələdəki qətiyyəti ABŞ-yə açıq bir siqnal göndərər və Tramp administrasiyasına təzyiq göstərərdi.

Rasmussenin fikrincə, sülh razılaşmasından əvvəl belə Ukraynada bəzi Avropa kontingenti yerləşdirilməlidir. Əks təqdirdə, hərbi əməliyyatlar bitdikdən sonra sülhməramlıları yerləşdirməklə sülh müqavilələrinin həyata keçirilməsinə kömək etmək niyyətində olan "könüllülər koalisiyası" onun sözlərinə görə, "gözləyənlər koalisiyası"na çevriləcək: “Strategiyanı əhəmiyyətli dərəcədə dəyişdirməsək, sonsuz müharibə ilə qarşılaşacağıq. Putin döyüş meydanında qalib gələ biləcəyinə inandığı müddətcə sülh danışıqlarına başlamaq üçün heç bir stimula malik olmayacaq. Tempimizi və düşüncə tərzimizi dəyişdirməliyik”.

C.Məmmədli

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
54
azpolitika.info

1Mənbələr