AZ

Zəfər salnaməsi-qızıl hərflərlə yazılantarix

8 Noyabr - Zəfər Günü  Azərbaycan xalqının tarixində qürur, şərəf və milli birliyin rəmzi olan möhtəşəm bir gündür. 2020-ci ilin Vətən müharibəsində qazandığımız şanlı Qələbə dövlətimizin gücünü, xalqımızın iradəsini və ordumuzun yenilməzliyini bütün dünyaya göstərib. Vətən müharibəsi xalqımızın gücünü, birliyini və həmrəyliyini ifadə edir. Xalqımızın bu qəhrəmanlıq salnaməsi tariximizə qızıl hərflərlə yazılıb.  Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə qeyd edib ki, müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirdi: "On minlərlə insanın orduya könüllü kimi yazılması, eləcə də ermənilərin hərbi təxribatları zamanı öz evlərinin tərk etməməsi faktı Azərbaycanda xalq-ordu birliyi və orduya olan inamından xəbər verirdi. "Dəmir yumruq" əməliyyatının ilk saatlarında cəbhə xəttindən sevindirici xəbərlər gəlməyə başladı. 44 gün ərzində hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, biz qayıdaq döyüş meydanına, biz öz missiyamızı başa vurmalıyıq. Bu, xalqımızın yüksək mənəvi keyfiyyətlərindən xəbər verir. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında zəfər çaldı".

Millət vəkilinin sözlərinə görə, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, habelə Azərbaycanın haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin çirkin kampaniyalarına qarşı fədakarlıqla mübarizə apardılar: "Azərbaycanda yaşayan bütün xalqlar bir böyük ailənin üzvləridir. Yaxşı günlərdə, ağır günlərdə bir yerdəyik və bu birlik dünya miqyasında nadir dəyərdir. Azərbaycanda yaşayan bütün xalqlar Qarabağ uğrunda ölümə gedirdilər. Etnik və dini mənsubiyyətindən asılı olmayaraq ölkəmizin bütün vətəndaşları müharibə dövründə görünməmiş həmrəylik nümayiş etdirdi, ön və arxa cəbhədə sarsılmaz birlik yarandı. Bu birlik və həmrəylik haqlı olaraq "Dəmir yumruq" kimi səciyyələndirilir. Vətən müharibəsi zamanı siyasi partiyaların Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlər imzalaması milli məsələlərdə ölkədə hər hansı fikir ayrılığının istisna olunduğunu təsdiqlədi: "Siyasi partiyalar tərəfindən həmin dövrdə ümumilikdə 9 birgə bəyanat və 3 müraciət imzalanmışdı. Burada "Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi təxribatları ilə əlaqədar", "Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair", "Fransa Senatında Dağlıq Qarabağdakı qondarma qurumun tanınması məsələsinə baxılması ilə bağlı", "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanması ilə əlaqədar" bəyanatlar, həmçinin "Dağlıq Qarabağ məsələsində Fransanın mövqeyinə dair" və müharibə dövründə 16 beynəlxalq təşkilata Azərbaycan ziyalılarının və vətəndaş cəmiyyəti üzvlərinin  müraciətləri xüsusi olaraq qeyd olunmalıdır. Lakin Azərbaycan xalqının tarixinə əbədi olaraq yazılmış Qələbə münasibətilə siyasi partiyaların birgə bəyanatında AXCP, Müsavat Partiyası və "Milli Şura" iştirak etməyiblər. Milli qürurun təcəssümü olan birgə bəyanata radikal müxalifətin qoşulmaması  onların antimilli xislətini ifşa edir. Həmin siyasi təşkilatlar bu addımları ilə xaricdəki ermənipərəst dairələrin maraqlarına xidmət etdiklərini bir daha isbatlamış oldular. 44 günlük müharibədən sonra onlar bu Qələbənin dəyərini azaltmağa çalışdılar. 2023-cü ilin sentyabrında Qarabağda keçirilən antiterror tədbirləri nəticəsində suverenliyimizin tam təmin olunmasından da radikallar çox məyus olmuşdular. Bu siyasi ünsürlər xalq-iqtidar birliyinin gücünü həzm etməyərək hər vəchlə xaricdəki havadarları ilə birlikdə ölkəmizin beynəlxalq imicinə zərbə vurmağa çalışırlar. Bu cür "fəaliyyət" indi də davam edir. Lakin həmişə olduğu onların cəhdləri yenə də  iflasa məhkumdur. Bu dairələrin cılız davranışlarından fərqli olaraq hazırda xalqla iqtidar sıx birlik nümayiş etdirərək Qarabağ və Şərqi Zəngəzurun bərpası ilə məşğuldur. Bu il xalqımız tarixi Zəfərimizin beşinci ildönümünü qeyd edir. Möhtəşəm Zəfər günümüz tariximizdə əbədi yaşayacaq və milli birlik və həmrəyliyimizin təntənəsi kimi gələcək nəsillərə ötürüləcək".

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rəşad Mahmudov qeyd edib ki, 1992-ci ildə siyasi masada və Şuşa qala divarlarının önündə yoxa çıxan qürur xalqın yaddaşında alova çevrildi. Həmin alov bir gün yenidən azadlıqla parladı, çünki millətin ruhu Şuşa kimi əsir qala bilməzdi: "Şuşa uzun illər yad nəfəsin tozunu, yad addımların sızıltısını sinəsində daşıdı. O müqəddəs torpaq kirli ayaqların izlərini, yalançı təbəssümlərin acısını içində gizlətdi. Cıdır düzündə saxta gülüşlərlə qol açıb oynayanlar sanki bu torpağın əsl sahibinə acıq verirmiş kimi davranırdılar. Amma anlamadılar ki, bu qələbə, zəfər deyil, bu, xəyanətin onlara verdiyi qısamüddətli bir fürsətdir. O anlar uzaqda, səssizcə böyüyən bir güc vardı, Lider və Xalq birliyinin simvolu olan "Dəmir yumruq". O yumruq bir gün işğalçının bağrına elə bir zərbə vuracaqdı ki, əsrlərlə unutmayacaqdılar və belə də oldu. Düşmənin təxribatçı hərəkətləri, sərsəm bəyanatları, "müharibə olsa, Bakını hərbi texnikalarımızla görəcəyik" kimi cəfəng iddiaları və təmas xətti boyunca gərginlik yaratmaq cəhdləri müharibəni qaçılmaz etdi. Ali Baş Komandanın rəhbərliyi altında başlanan savaş dövlətimizin gücünü və xalqımızın döyüş ruhunu bütün dünyaya göstərdi. Kəndlər, qəsəbələr və rayonlar ardıcıl olaraq işğaldan azad edildi. Azərbaycan nifrətlə deyil, torpağa olan sevgisi ilə ədalətin bərpası üçün döyüşürdü. Məqsəd yalnız işğala son qoymaq və Qarabağı azad etmək idi.
Prezident İlham Əliyev diplomatiya masasında Azərbaycanın milli maraqlarını ləyaqətlə və qətiyyətlə müdafiə etdiyi kimi Silahlı Qüvvələrin Ali Baş Komandanı olaraq savaş meydanında da eyni iradə və liderlik nümunəsini göstərdi. Azərbaycan Ordusu müharibə zamanı humanizm prinsiplərinə sadiq qalaraq mülki şəxslərə zərər yetirmədi, hərbi əsirlərə isə insani münasibət sərgilədi. Bu həqiqət qarşı tərəfin etiraflarında da öz təsdiqini tapdı. Şuşa uğrunda gedən döyüşlər isə azərbaycanlı olmağın qürur və şərəf simvoluna çevrildi. Qayalara dırmaşan, əlbəyaxa döyüşlərdə süngü ilə irəliləyən igid əsgərlərimiz ev-ev, küçə-küçə Şuşanı işğalçılardan təmizlədilər. Bu qələbə düşməni deyil, bütün dünyanı heyrətə gətirdi. Şuşa zirvəsindən ucalan qəhrəmanlıq dastanı isə dünyanın hərb məktəbləri və tarix kitabları üçün əbədi örnək nümunəsi oldu. Şuşa azadlıq çağırışı ilə yenidən səsləndi".
Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin qətiyyətli liderliyi, siyasəti və Azərbaycan əsgərinin rəşadəti sayəsində qala şəhərimiz əsarət zəncirini qırdı: "Şuşanın azad olunması təkcə qurtuluş deyildi, xalqımızın ruhunun, qürurunun və tarixinin dirçəlişi idi. Şuşa zəfəri bayrağımızı ucaltdı, dövlətimizin gücünü dünyaya göstərdi. Qəhrəman oğullarımızın qanı ilə yazılmış bu qələbə düşməni diz çökdürdü, rəzil kapitulyasiya aktına imza atmağa məcbur etdi. Bir zamanlar talan edilmiş, dağıdılmış Şuşa indi yenidən həyatla nəfəs alır. Küçələrində musiqi səslənir, mədəniyyət və sülh bayramını yaşayır, beynəlxalq tədbirlərin, mədəni müxtəlifliyin və humanizm çağırışlarının mərkəzinə çevrilib. Şuşa bizim üçün adi bir şəhər deyil, azadlığın, mübarizliyin və milli qürurun simvolu, şərəf məsələsi idi. Qarşı tərəfin iddialarından açıq görünürdü ki, Şuşanı geri qaytarmaq onlar üçün heç vaxt müzakirə mövzusu olmayıb. Amma Prezident İlham Əliyev işğalçının arzusunu gözündə saxlayaraq Şuşanı haqqı olana qaytardı. Şuşa yalnız haqqımız deyil, həm də qürurumuzdur. Şuşa zirvəsindən milli haqqımız olan üçrəngli bayrağımızın dalğalanması qalibiyyətimizin simvolu oldu. Qələbəmiz əbədi, birliyimiz isə ümumxalq liderimizin iradəsi ilə möhkəmdir".

Alim Hüseynli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
14
olaylar.az

1Mənbələr