AZ

“Əlavə maliyyə vəsaitinin ayrılmasına ehtiyac var...” Ombudsman Milli Məclisdə təkliflər verdi

ain.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

“İnsan hüquqlarının qorunması sahəsində dövlət qurumlarının fəaliyyətinin və qanunvericiliyin davamlı təkmilləşdirilməsi olduqca vacibdir.”

“AzPolitika.info” xəbər verir ki, bunu İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva Milli Məclisdə dövlət büdcəsinin müzakirəsi zamanı çıxışında bildirib.

O qeyd edib ki, Ombudsman Aparatına daxil olan müraciətlərin araşdırılması və təhlili zamanı müəyyən edilmiş bəzi məsələlərin gələn ilin büdcəsində nəzərə alınması zəruridir. Onun sözlərinə görə, bu məsələlərin həlli insan hüquq və azadlıqlarının təmininə, hüquq müdafiə mexanizmlərinin təkmilləşdirilməsinə, dövlət orqanlarında şəffaflıq və hesabatlılığın artırılmasına mühüm töhfə verə bilər.

Səbinə Əliyeva insan hüquqlarının təmininə dair aşağıdakı istiqamətləri diqqətə çatdırıb:

-Şəkərli diabet xəstələrinin insulin və digər dərman vasitələri ilə təminatının gücləndirilməsi;

- İctimai nəqliyyatda təqaüdçülər, əlilliyi olan şəxslər, şagird və tələbələr üçün güzəştlərin tətbiqi;

- Orta təhsildə dərsliklərlə yanaşı, köməkçi vəsaitlərin də dövlət hesabına təmin olunması;

- Orta məktəblərdə psixoloq ştatlarının şagird sayına uyğun artırılması.

Ombudsman həmçinin bəzi qərar və mexanizmlərin yenilənməsini təklif edib:

-Kənd yerlərində tibb işçilərinin cəlbini stimullaşdıran 2009-cu il qərarının sosial-iqtisadi reallıqlara uyğun yenilənməsi;

- Müdafiəçilərə, tərcüməçilərə və ekspertlərə ödənilən məbləğin (hazırda hər saat üçün 35 qəpik) artırılması;

-Borclu dövlət orqanlarına münasibətdə məhkəmə qərarlarının icrası üçün büdcədə vəsaitin ayrılması;

-Hərbi qulluqçulara ödənilən ərzaq kompensasiyasının minimum istehlak səbətinə uyğunlaşdırılması;

-Müddətli hərbi qulluqçuların uşaqlarına verilən müavinətin yaşayış minimumuna uyğunlaşdırılması.

Səbinə Əliyeva qeyd edib ki, Ombudsman haqqında Konstitusiya Qanununa edilən dəyişikliklərlə Müvəkkilə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Uşaq hüquqları haqqında” konvensiyalarının icrasına nəzarət funksiyaları verilib. Buna görə də Ombudsman Aparatının kadr və maddi-texniki bazasının gücləndirilməsinə, müasir texnologiyaların tətbiqi üçün **əlavə maliyyə vəsaitinin ayrılmasına** ehtiyac var.

Ombudsman ümid edib ki, səsləndirilən təkliflər ölkənin maliyyə imkanları və prioritetləri nəzərə alınaraq mərhələli şəkildə həyata keçiriləcək və insan hüquqlarının səmərəli təmininə xidmət edəcək.

Rasim

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
39
azpolitika.info

1Mənbələr