GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində maraqlı paylaşım edib. Belə ki, o, İsrailin Baş naziri Benyamin Netanyahu və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında telefon danışığı apardığını, nəticədə Qazaxıstanın onun ikinci prezidentlik müddəti dövründə “İbrahim sazişləri”nə qoşulan ilk ölkə olduğunu açıqlayıb.
“Bu, dünyada körpülərin qurulmasında irəliyə doğru atılmış böyük bir addımdır. Bu gün daha çox dövlət mənim irəli sürdüyüm ‘İbrahim sazişləri’ vasitəsilə sülh və rifahı qəbul etmək üçün növbəyə durur. Tezliklə bunu rəsmiləşdirmək üçün imza mərasimi olacaq”, – deyə Tramp əlavə edib.
Aydın məsələdir ki, Tramp “İbrahim sazişləri”nə maksimum sayda müsəlman ölkəsinin qoşulmasını istəyir. Bu, İsrailin İslam coğrafiyasında qəbulunu təsdiqləməklə yanaşı, həm də Vaşinqtonun yeni regionlarda geosiyasi reallıqları gözdən keçirdiyini göstərir.
Ümumiyyətlə, Qazaxıstanın verdiyi bu qərarı anlamaq üçün ABŞ Prezidenti Donald Trampın təşəbbüsünə əsasən noyabrın 6-da Vaşinqtonda Mərkəzi Asiya ölkələrinin (Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Tacikistan) iştirakı ilə baş tutan “C5+1” formatına baxmaq lazımdır.
Məlum olduğu kimi, “C5+1” platforması ABŞ ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlıq formatıdır və onun məqsədi regionda təhlükəsizlik, enerji, iqtisadi inkişaf və diplomatik əlaqələri gücləndirməkdir. Donald Trampın təşəbbüsü ilə bu formatın yenidən gündəmə gətirilməsi, əslində, ABŞ-ın Mərkəzi Asiya siyasətinə qayıdışının göstəricisidir. Bu kontekstdə Qazaxıstanın “İbrahim sazişi”nə qoşulması təsadüfi deyil, Vaşinqtonun regionda strateji təsirini artırmaq siyasətinin bir hissəsi kimi dəyərləndirilə bilər.
“C5+1” sammiti ABŞ-ın Mərkəzi Asiyaya olan diqqətinin təkcə iqtisadi və təhlükəsizlik məsələləri ilə məhdudlaşmadığını göstərdi. Vaşinqton bu dəfə region ölkələrini öz diplomatik gündəminə – yəni “İbrahim sazişləri” kimi qlobal miqyaslı təşəbbüslərə cəlb etməyə çalışır. Bu, həm də bir növ Çin və Rusiyanın bölgədə artan təsirinə qarşı ABŞ-ın yumşaq güc aləti rolunu oynayır.
Qazaxıstanın sözügedən platformada öncül rol oynaması da təbiidir. Regionun ən böyük iqtisadiyyatı və ən sabit siyasi sistemə malik ölkəsi olaraq Qazaxıstan həmişə ABŞ-la əməkdaşlığa açıq olub. Tramp administrasiyasının onu “İbrahim sazişi”nə qoşulan ilk Mərkəzi Asiya dövləti kimi təqdim etməsi həm simvolik, həm də strateji mənaya malikdir: Vaşinqton Qazaxıstanı regionda İsraillə münasibətləri normallaşdırmaq prosesinin aparıcı nümunəsinə çevirmək istəyir.
Qazaxıstan kimi böyük və nüfuzlu bir ölkə “İbrahim sazişi”nə qoşulursa, bu, regiondakı digər dövlətlər – xüsusilə Özbəkistan və Qırğızıstan üçün də nümunə ola bilər. Məsələn, Özbəkistan hələlik bu sazişə qoşulmasa da, Vaşinqtonla ticarət müqaviləsi imzalayıb. Tramp elan edib ki, saziş çərçivəsində ABŞ-a yüz milyard dollardan çox sərmayə qoyulacaq.
“ABŞ-la Özbəkistan arasında inanılmaz ticarət və iqtisadi sazişin imzalandığını elan etməkdən məmnunam. Sazişə əsasən, Özbəkistan növbəti üç il ərzində ABŞ-a 35 milyard dollar, növbəti 10 il ərzində isə 100 milyard dollardan çox investisiya yatıracaq. Vəsaitlər Amerikanın əsas sektorlarına, o cümlədən vacib minerallar, aviasiya, avtomobil hissələri istehsalı, infrastruktur, kənd təsərrüfatı, enerji və kimya, informasiya texnologiyaları və digər sahələrə yönəldiləcək”, – Tramp deyib.
Vaşinqtonda “C5+1” görüşündən, 06. 11.2025
Beləliklə, İslam dünyasının bir hissəsi tədricən İsraillə münasibətlərin normallaşmasını qəbul edən bir reallığa doğru irəliləyir. Bu, həm də ərəb dünyasından kənarda – müsəlman post-sovet məkanında yeni bir siyasi paradiqmanın yaranması deməkdir.
Məsələyə Qazaxıstan aspektindən də baxmaq lazımdır. Qazaxıstanın “İbrahim sazişi”nə qoşulmağa razılıq verməsi təkcə İsraillə münasibətlərin normallaşması istiqamətində bir addım deyil, həm də formalaşmaqda olan yeni diplomatik xəttin göstəricisidir.
Əvvəla, Qazaxıstanın bu qərarı onun xarici siyasətinin çoxvektorlu xarakterinə tam uyğundur. Ölkə uzun illərdir balanslaşdırılmış diplomatiya aparır – Rusiya, Çin, Qərb və İslam dünyası arasında neytral və konstruktiv mövqeni qorumağa çalışır. İsraillə münasibətlərin normallaşması isə Astananın Qərblə, xüsusilə də Vaşinqtonla əlaqələrini gücləndirmək üçün mühüm bir siqnaldır. Bu addım həm ABŞ-la yaxınlıq mesajıdır, həm də Qazaxıstanın regional liderlik iddiasını göstərir.
Lakin belə bir təşəbbüs risklərdən də azad deyil. Qazaxıstanın bu qərarı Rusiya və İran kimi regiondakı mühüm tərəfdaşların narazılığına səbəb ola bilər. Həmçinin Türkiyə tərəfindən də xoş qarşılanmayacağı aydındır. Bu ölkələr “İbrahim sazişi”ni Qərbin Yaxın Şərqdə təsirini artırmaq vasitəsi kimi görür. Qazaxıstan isə bu situasiyada incə bir diplomatik balans tapmalıdır. Yəni bir tərəfdən ABŞ və Qərbin siyasi və iqtisadi dəstəyini qazanmaq, digər tərəfdən isə Ankara, Moskva və Tehranın etimadını itirməmək.
Müqayisə üçün qeyd edim ki, Qazaxıstandan çox əvvəl bu təklif Azərbaycana edilmişdi. Lakin rəsmi Bakı məsələyə daha praqmatik və ehtiyatlı yanaşdı. Xarici siyasətdəki balansı pozmadan diplomatik manevri uğurla həyata keçirdi. Bununla belə, sözügedən tendensiyanın genişlənməsi Bakının da gələcəkdə qərarına yenidən baxmasına gətirib çıxara bilər.
Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.