AZ

Ukraynaya rekord dron hücumu: ölkə qaranlığa qərq olur, enerji infrastrukturu hədəfdədir

"Rusiya insanların həyatını təhlükəyə atmaqla onları qışda işıqsız və istisiz qoymaq istəyir..."

Ukrayna mətbuatının məlumatına görə, Rusiyanın gecə saatlarında həyata keçirdiyi kütləvi dron hücumları nəticəsində şəhərlər işıqsız qalıb, enerji obyektləri dağılıb, dinc sakinlər yaralanıb. Ukrayna bunu "energetik terror" adlandırır.

Rekord hücum gecəsi - yüzlərlə dron, çoxsaylı zərbələr

Məlumatda deyilir ki, 7 noyabr gecəsi Rusiya Ukraynaya 128 ədəd zərbə dronu (əsasən "Shahed" tipli) buraxıb. Dronlar eyni anda müxtəlif istiqamətlərdən - Kursk, Oryol, Millerovo, Primorsk-Axtarsk və işğal altındakı Krımdan havaya qalxıb.

Ukrayna hava hücumundan müdafiə sistemləri - aviasiya, zenit-raket bölmələri və mobil dron ovçuları gecə boyu cavab verib. Səhər saat 9-a qədər 94 dron vurulub və ya elektron mübarizə vasitələri ilə sıradan çıxarılıb. Bununla belə, 31 dron müxtəlif şəhərlərdə hədəfə dəyib.

Bu hücumdan sonra enerji sisteminə güc çatdırmaq üçün bir sıra bölgələrdə elektrik kəsintiləri tətbiq olunmağa başlayıb. Sənaye müəssisələrinə isə ayrıca güc məhdudiyyətləri qoyulub. Energetika Nazirliyi əhalini elektrik enerjisindən qənaətlə istifadə etməyə çağırıb.

Enerji infrastrukturu ard-arda sıradan çıxır

Hücumların əsas hədəfi enerji şəbəkələri olub. Yerli xəbərlər yazır ki, Odessa, Xarkov, Dnepropetrovsk və Zaporojye bölgələrində enerji obyektləri vurulub. Dnepropetrovsk vilayətinin Pavloqrad şəhəri tamamilə işıqsız qalıb, daha sonra bəzi istehlakçılar ehtiyat xətlərlə enerji alıb. Rusiya dörd bölgədə elektrik stansiyalarına və paylayıcı məntəqələrə ardıcıl dron hücumları edib.

Ukrayna mətbuatının yazdığına görə, son həftələr Rusiyanın hədəfində olan Izmail limanı və energetika infrastrukturu yenidən vurulub. Ob­yektlərdə ciddi ziyan var, bəzilərinin bərpası uzun müddət tələb edir. Energerika şirkətləri bildirir ki, sistemə dəymiş ziyan o qədər genişdir ki, saatlıq və fövqəladə kəsinti cədvəlləri artıq normaya çevrilib.

Avtobusa hücum, mədənçilər yerin altında

Rusiyanın hücumları yalnız enerji sistemini deyil, insanların həyatını da hədəfə alır. Xerson şəhərində drondan sərnişin marşrut avtobusuna partlayıcı maddə atılıb. Yaralananlar arasında 14 yaşlı qız da var. Onlar partlayış travması və kəskin stres reaksiyası ilə xəstəxanaya aparılıb. Prokurorluq hadisəni hərbi cinayət kimi araşdırır.

Dnepropetrovskda səkkiz kömür şaxtası elektrik enerjisiz qalıb. Hücum anında yerin altında 2595 şaxtaçı olub. Xoşbəxtlikdən, hamısı xilas edilib. Energetika naziri bildirib ki, "Rusiya insanların həyatını təhlükəyə atmaqla onları qışda işıqsız və istisiz qoymaq istəyir". Ukrayna tərəfi bu strategiyanı açıq şəkildə energetik terror adlandırır.

Rusiyanın artan dron hücumları təkcə hərbi hədəflər üçün deyil, enerji şəbəkəsini çökdürmək, şəhərləri qaranlığa qərq etmək və insanları qorxu altında saxlamaq məqsədi daşıyır. Ukrayna isə HHM və enerji xidmətlərinin fövqəladə səfərbərliyi ilə bu təzyiqə qarşı durmağa çalışır.

Moderator.az

Seçilən
17
1
moderator.az

2Mənbələr