AZ

"Media Azərbaycan dilinin qorunmasında mühüm rol oynayır" - Natiq Məmmədli


Prezident İlham Əliyevin dövlət dili ilə bağlı çağırışı yerindədir və biz öz işimizi bu istiqamətdə qurmalıyıq. Trend xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktorunun müavini Natiq Məmmədli “Mediada Azərbaycan ədəbi dilinin normalarının düzgün tətbiqi” mövzusunda konfransı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyi münasibətilə keçirilən tədbirdə Prezident İlham Əliyev Azərbaycan dili ilə bağlı bir sıra konseptual fikirlər səsləndirdi:

"Alimlər, yazıçılar, şairlər, dövlət qulluqçuları və xüsusilə də jurnalistlərə Azərbaycan dilinin saflığının qorunması və yaşadılması ilə bağlı çağırış etdi. Cənab Prezident İlham Əliyevin fikirlərindən çıxış edərək bu gün mediada dilin inkişafına həsr olunmuş bir konfrans təşkil etmişik. Konfransın əsas mövzusu mediada Azərbaycan dilinin düzgün tətbiqi ilə bağlıdır.

Bu tədbirdə iki panel müzakirəsi keçiriləcək. Birinci paneldə televiziya və radioda Azərbaycan dilinin tətbiqi ilə bağlı mütəxəssislər tərəfindən müzakirələr aparılacaq. İkinci paneldə isə internet və onlayn mediada dilin problemləri və yeni çağırışlar barədə fikirlər bölüşüləcək".

"Hesab edirik ki, Cənab Prezident İlham Əliyevin dövlət dili ilə bağlı çağırışı yerindədir və biz öz işimizi bu istiqamətdə qurmalıyıq. Azərbaycan dili təkcə gündəlik ünsiyyət vasitəsi deyil, fəlsəfi, elmi və publisistik fikirləri yüksək səviyyədə ifadə edə bilən zəngin bir dildir. Məhz bu səbəbdən media dilin qorunmasında mühüm rol oynayır. Çünki Azərbaycan dili əsasən məhz mediada işlək vəziyyətdədir. Bu isə jurnalistlərin üzərinə böyük məsuliyyət qoyur. Bundan sonra da çalışmalıyıq ki, Azərbaycan dilinin saflığını qoruyaq, onu yad təsirlərdən uzaq tutaq və gələcək nəsillərə layiqincə çatdıraq",- deyə o əlavə edib.

Seçilən
8
13
baki-xeber.com

10Mənbələr