AZ

ABŞ Senatı hökumətin maliyyələşdirilməsi haqqında qanun layihəsinə 15-ci dəfə səs verəcək

ABŞ Konqresinin Senatı cümə günü federal hökumətin maliyyələşdirilməsini təmin etməyə yönəlmiş və Respublikaçılar Partiyası tərəfindən irəli sürülən qanun layihəsinə yenidən səs verəcək. Bu barədə “The Hill” qəzeti məlumat verib.

Qəzetin məlumatına görə, senatorları bu barədə Senatda respublikaçıların çoxluq lideri Con Tün (Cənubi Dakota ştatından) məlumatlandırıb. 4 noyabrda ABŞ Senatı son bir neçə həftə ərzində artıq 14-cü dəfə bu qanun layihəsini rədd edib. Son prosedur səsverməsi zamanı Nümayəndələr Palatası tərəfindən əvvəlcədən təsdiqlənmiş sənədi Senatın 54 üzvü dəstəkləyib, 44 senator isə əleyhinə səs verib. Qanun layihəsinin qəbul olunması üçün 60 səs tələb olunur.

“The Hill” qeyd edir ki, Tünün sözlərinə görə, bu dəfə o, respublikaçıların demokratlarla apardığı danışıqlar nəticəsində bir neçə düzəlişi layihəyə əlavə etməyi planlaşdırır.

Federal hökumətin fəaliyyətinin qismən dayandırılması (şatdaun) 1 oktyabr gecəyarısı (Bakı vaxtı ilə 08:00) baş verib. Hakim Respublikaçılar Partiyası və müxalif Demokratlar Konqresdə xərclərin bir sıra maddələri, o cümlədən səhiyyə sahəsi ilə bağlı razılığa gələ bilməyiblər. Tərəflər hələ də ortaq mövqeyə gəlməyiblər və bir-birini şatdaunu siyasi məqsədlərlə uzatmaqda ittiham edirlər.

ABŞ qanunvericiliyinə əsasən, federal hökumətin maliyyələşdirilməsi dayandırıldığı hallarda, milli təhlükəsizlik və xarici siyasətə cavabdeh olan nazirlik və idarələr fəaliyyətlərini davam etdirirlər. Eyni qayda “həyat və mülkiyyətin qorunmasına” yönəlmiş dövlət qulluqçularına da şamil olunur. Bu şəraitdə işləməyə məcbur olan dövlət qulluqçuları əməkhaqqı almırlar, lakin maliyyə məsələsi həll olunduqdan sonra maaşları onlara sonradan ödənilir.

1977-ci ildən bəri ABŞ hökumətinin maliyyələşdirilməsi administrasiya ilə Konqres arasında fikir ayrılığı səbəbindən 20-dən çox dəfə dayandırılıb. Hazırkı hökumət şatdaunu ölkə tarixində ən uzunmüddətli olub və 2018–2019-cu illərdə, Donald Trampın birinci prezidentliyi dövründə (2017–2021) qeydə alınmış rekordu qırıb.

Seçilən
9
banker.az

1Mənbələr