Herbiand.az Zəfərin 5 illiyində şair Qulu Ağsəsin Xankəndiyə həsr etdiyi şeri oxuculara təqdim edir:
Tavanı – göy şüşəli,
Döşəməsi – meşəli...
Ovçunun yuxusunda
Marala bənzəyir o.
Dağların yaxasında
Medala bənzəyir o.
Burda bahar payızı,
Qış yayı məst eləyir.
Bu yerlərin havasın,
Bu göylərin yağışın
Üzeyir bəstələyir.
Burda doğulmur adam
Əkilir şitil kimi.
Adladım yurddan yurda
Şütüyən sətir kimi.
Gəzdim düzü, dünyanı
Bu düz – dünya tükəndi.
Sənə dönmüşəm, Xanım,
Sənə dönmüşəm, kəndim.
Dünyada nələr gördük
Həyatımız baş-ayaq:
Yaşamaq vaxtı öldük,
Ölmək vaxtı yaşayaq!
Tavanı – göy şüşəlim,
Döşəməsi – meşəlim...