AZ

"Poseidon" Putinə yalnız bir məqsəd üçün lazımdır və bu, ABŞ-a zərbə deyil - “Forbes”

“Donald Trampı Rusiya üçün müttəfiqə çevirmək cəhdləri tam uğursuzluqla nəticələndikdən sonra Vladimir Putin yenidən nüvə şantajı və qorxutma taktikasına qayıdıb".

Hit.az xəbər verir ki, bu barədə “Forbes” nəşri yazır.

Kreml bu məqsədlə nüvə başlığına malik “Poseidon” sualtı torpedasının uğurlu sınaqları ilə öyünüb. Lakin məqalənin müəllifinə görə, bu silahın texniki xüsusiyyətləri və nəzəri tətbiqi ikinci plandadır — əsas məsələ Putinin niyə məhz indi bu mövzuya qayıtmasıdır.

İkinci zərbə üçün nəzərdə tutulan silah

Konsepsiyaya görə, “Poseidon” ikinci zərbə üçün nəzərdə tutulan silahdır. Yəni Rusiya və onun potensial düşməni artıq ilk nüvə zərbələrini mübadilə edib, hər iki tərəf böyük dağıntıya məruz qalıb, bundan sonra isə “Poseidon” işə düşür. Onun mahiyyəti və praktik mənası isə şübhə doğurur.

Bu torpeda — yaxud bu gün daha dəqiq desək, “su altı pilotsuz aparat” — 2 meqaton gücündə nüvə başlığı və nüvə mühərriki ilə təchiz olunub. İkincisi, nəzəri olaraq, “Poseidon”a məhdudiyyətsiz hərəkət məsafəsi qazandırır, beləliklə o, düşmən sahillərinə gizlicə yaxınlaşaraq limanları məhv edə bilər. Halbuki, birinci nüvə hücumu zamanı həmin obyektlər onsuz da məhv edilmiş sayılır.

Putinin məqsədi – imicini bərpa etmək

“Forbes” müəllifi hesab edir ki, Putin bu layihəni gündəmə gətirib, çünki Ukraynaya qarşı uğursuz müharibə fonunda Rusiya artıq “dünyanın aparıcı hərbi dövləti” imicini itirib. Unikal və guya “bənzəri olmayan” silah haqda bəyanatlar Kremlin texnoloji üstünlüyünü nümayiş etdirmək üçün istifadə olunur.

Məqalədə bildirilir ki, Putinin “Poseidon” barədə danışması təsadüfi vaxta düşməyib — bu, Ukraynaya “Tomahawk” raketlərinin mümkün tədarükü barədə müzakirələrə reaksiyadır.

“Poseidon”, müəllifin sözlərinə görə, Moskvanın Qərblə strateji pariteti qorumaq əzmini nümayiş etdirir. Döyüş meydanında uğursuzluqlar və sənaye məhdudiyyətləri fonunda bu silah daha çox simvolik mənaya malikdir:

“Poseidon” Rusiya üçün hərbi texnologiyalar sahəsində liderlik iddiasını və qlobal təhlükəsizlikdə mövqelərini bərpa cəhdini təcəssüm etdirir".

Rusiya nüvə silahı ilə öyünməyə davam edir

Xatırladaq ki, oktyabr ayında Budapeştdəki “Tramp–Putin sammiti”nin pozulmasından sonra Rusiya lideri bir il ərzində susqunluqdan çıxaraq yenidən nüvə ritorikasını gücləndirib. O, nüvə mühərriki və başlığı ilə təchiz edilmiş “Buryevestnik” adlı qanadlı raketanın guya uğurlu sınaqlarını elan etmişdi. Silah ekspertləri bu raketi yüksək dəyəri, şübhəli döyüş səmərəliliyi və strateji faydasızlığına görə sərt tənqid etmişdilər.

Daha sonra Putin “Poseidon”un da uğurlu sınaqdan keçdiyini bildirib. Bu, mahiyyət etibarilə “Buryevestnik”in sualtı analoqudur — eyni dərəcədə bahalı və praktik ssenaridə faydasız silah. Hər iki halda Rusiya lideri bir məqama diqqət çəkib: guya dünyada bu cür silaha malik olan başqa ölkə yoxdur.

Samir

Seçilən
1
hit.az

1Mənbələr