Başqırdıstanda gizlənmiş dərin yeraltı təkcə təbii sərvətlər deyil, həm də Sovet dövründən qalma təhlükəli sirlərdir. 1970-ci illərdə nüvə partlayışları bölgəni silkələyib və özündən sonra ölümcül maddələrlə dolu unikal beton anbarı “miras” qoyub. Ancaq bu, daha böyük bir hekayənin yalnız bir hissəsidir. Çünki 1960-1980-ci illərdə SSRİ rəhbərliyi ittifaqa daxil olan ölkələrin ərazilərində neft hasilatı, sənaye anbarı və digər “dinc” məqsədlər üçün bir sıra yeraltı nüvə partlayışları həyata keçirib. Belə ki, təkcə 23 il ərzində 124 nüvə partlayışı reallaşdırılıb.
Proqram № 7: 124 dinc nüvə partlayışı

Ümumilikdə Başqırdıstanda beşi neft hasilatını artırmaq, ikisi sənaye tullantılarının utilizasiyası üçün 1965-ci ildən 1980-ci ilə qədər yeddi yeraltı nüvə sınağı aparılıb. Bütün bunlar Sterlitamak, İşimbay, Salavat, Meleuz və Kumertau şəhərləri yaxınlığında əhalinin sıx məskunlaşdığı ərazilərdə baş verib. Yaxınlıqdakı kəndlərin sakinləri təxliyə olunmayıb; onlara sadəcə olaraq “mülki müdafiə” xəbərdarlığı verilib.
1965-ci ildə SSRİ “7 nömrəli proqram”, yəni “Xalq təsərrüfatı üçün nüvə partlayışları”nı həyata keçirib. Martın 30-da səhər saat 8-də Qraçevski neft yatağında (Novaya Kazanovka kəndindən bir neçə kilometr aralıda) iki nüvə partlayışı - Butan-1 və Butan-2 baş verib. Hər birinin gücü təxminən 10 kiloton olan bombalar (Xirosimanın yarısı qədər) 1,5 kilometr dərinlikdə işə salınıb. Torpaq silkələnib, sakinlər yeraltı təkan hiss edib, evlərindən suvaq qopub.

Amerika seysmik stansiyaları partlayışı qeydə alıb və “Amerikanın səsi” radiosu elan edib: “SSRİ atom bombasını sınaqdan keçirir”. Buna cavab olaraq sovet mətbuatı yazıb: “Saiqon bölgəsində zəlzələ baş verib, əks-sədaları Salavata qədər çatıb”. Üç ay sonra, 1965-ci il iyunun 10-da həmin yerdə üçüncü partlayış baş verib. Yekun hesabata əsasən təcrübə uğurlu hesab edilib. Maraqlıdır ki, Qraçevski yatağında neft hələ də hasil edilir, baxmayaraq ki, onun ehtiyatları 20 il əvvəl tükənməli idi.
“Kama-1” və “Kama-2”: Zəhərli tullantılar üçün anbarlar
1973 və 1974-cü illərdə Meleuz yaxınlığında daha iki partlayış - Kama-1 və Kama-2 baş verib. Onların məqsədi kimyəvi zavodların zəhərli tullantıları üçün yeraltı anbarlar yaratmaq olub. Adi quyular yararsız olduğu üçün nüvə silahına əl atılıb. Çünki nüvə partlayışları yeraltı boşluqları genişləndirərək filtrasiyanı yaxşılaşdırıb. Bu gün üzəri betonla örtülən “Kama-1”də 2 km dərinlikdə 200 000 kubmetr ölümcül raket yanacağı heptil yerləşir.

1949-cu ildə sovet alimləri UDMH (qeyri-simmetrik dimetilhidrazin) və ya “heptil” adlı güclü raket yanacağı yaradıb. O, raketə 10 dəfə daha çox təkan verib, lakin dəhşətli dərəcədə zəhərli olub. SSRİ minlərlə zenit-raket kompleksi yaradıb (Maqnitoqorsk yaxınlığında 5, Çelyabinsk yaxınlığında 12) və hər birinin yeraltı heptil anbarı olub.
Lakin Almaniya bombardmançıları heç vaxt əraziyə gəlməyıblər. Raketlər köhnəlib və yanacağı da sadəcə kənara atmaq mümkün olmayıb. Radikal həll yolu qəbul edilib: Hər biri 10 kilotonluq olmaqla iki nüvə partlayışı ilə böyük yeraltı ərazi yaradılıb. Bütün heptil içəriyə yerləşdirilib və sonra girişi betonla bağlanıb.

Elm indi heptildən poliuretan, yuyucu vasitələr və gübrələr emal edir. Bəlkə də bir gün Kama-1 təhlükə yox, qiymətli xammal mənbəyinə çevriləcək. Amma fakt faktlığında qalır: tonlarla zəhərli tullantı və raket yanacağı hələ də Başqırdıstanda yerin altındadır.
Bütün bunlar göstərir ki, SSRİ heç vaxt nəticələrini düşünmədən sənaye problemlərini atom və digər üsullarla həll edib. Bu həllər gələcək nəslin nümayəndələri üçün əsl təhlükə mənbəyinə çevrilib. Qeyd edək ki, başqırdlar türk xalqları qrupunun bulqar yarımqrupuna aiddir. Başqırdıstanın əhalisinin milli tərkibinə gəlincə tatarlar başqırdlardan sonra sayca ikinci ən böyük xalqdır.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün