Jurnalist Aytac Zeynalova “Bank of Baku”nun xidmət keyfiyyətindən sosial şəbəkədə narazılığını bildirib. O, bankdan kredit bağlamaq üçün arayış almaq istəsə də, prosesin əsassız şəkildə ləngidildiyini qeyd edib.
“Dünən filiala yaxınlaşıb kredit bağlamaq üçün arayış istədik. Dedilər ki, ödəniş sistemdə gün sonuna qədər görünəcək, sonra arayış veriləcək. Bu gün yenidən getdik – indi də 2-3 gün gözləməli olacaqsınız deyirlər”, – deyə jurnalist paylaşımında yazıb.
Aytac Zeynalova bildirib ki, digər bank bu arayışı haqlı olaraq tələb edir, lakin “Bank of Baku”nun gecikdirməsi əlavə çətinlik yaradır:
“Üstəlik bayram günləridir, yəni gecikmə olacaq. Eyni prosesi başqa bankda da etdik – cəmi 7 dəqiqə çəkdi. Niyə bir bankda bir neçə dəqiqəyə görülən iş ‘Bank of Baku’da günlərlə uzanmalıdır?”
Jurnalistin bu paylaşımı sosial şəbəkə istifadəçiləri arasında da geniş rezonans doğurub. Bir çox istifadəçi bank sektorunda vətəndaş müraciətlərinə yanaşmanın bərabər olmamasından, eyni xidmətin müxtəlif banklarda fərqli vaxtlarda icra edilməsindən narazılığını ifadə edib.
Bu kimi hallar bank xidmətlərinin şəffaflığını və vətəndaş etimadını zədələyir, müştəri məmnuniyyəti siyasətinin təkmilləşdirilməsini zəruri edir.