AZ

Tbilisidə azərbaycanlı gənclərə qarşı zorakılıq edən dəstənin qadın başçısı həbs olunub

Tbilisi, 7 noyabr, AZƏRTAC

Tbilisidə supermarketdə çalışan iki azərbaycanlı gəncə qarşı qrup halında zorakılıq edən cinayətkar dəstənin qadın başçısı Manana Giorqobiani həbs olunub.

AZƏRTAC xəbər verir ki, Tbilisi Şəhər Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. Saxlanılan şəxsin vəkili deyb ki, Manana Giorqobiani üçün psixoloji və psixiatrik ekspertiza təyin edilib. O, saxlanılandan sonra psixiatriya müəssisəsinə aparılıb və oradan da məhkəməyə gətirilib.

Müdafiə tərəfi Giorqobiani barəsində 5 min lari məbləğində girov qətimkan tədbirinin seçilməsini tələb edib. Məhkəmə tələbi təmin etməyib.

Gürcüstanın Baş Prokurorluğunun yaydığı məlumatda deyilir ki, Manana Giorqobiani mağazada azərbaycanlı satıcılardan pul tələb edib, imtina alandan sonra özünü aqressiv aparıb. O, supermarket işçilərini təhqir edib, onlardan birinə fiziki zor tətbiq edib və hər ikisini ölümlə hədələyib. Mağazanı tərk edəndən sonra isə qrup halında mağazaya hücum edib və zorakılıq təşkil edib.

Faktla bağlı saxlanılmış digər 5 nəfər qrup halında zorakılıqda iştirakda ittiham olunur. Onlardan birinin yaşayış evinin zirzəmisində saxlanılan və qanunsuz əldə edilmiş iki ədəd “Kalaşnikov” avtomatı və 110 ədəd patron götürülüb. Həmin şəxslərin də məhkəməsi bu gün keçiriləcək. Prokurorluq təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətlə qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edəcək.

Törədilmiş cinayət əməlinə görə saxlanılan şəxsləri 9 ilədək həbs cəzası nəzərdə tutulur.

Qeyd edək ki, hadisə noyabrın 2-də gecə saatlarında baş verib. Zorakılığa məruz qalmış 19 və 21 yaşlı azərbaycanlı gənclər Dmanisi və Qaraçöp bölgələrindəndirlər.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
11
4
azertag.az

5Mənbələr