AZ

Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunda Zəfər Günü qeyd olundu - FOTO

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi V.Y. Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunda 6 noyabr 2025-ci il tarixində Zəfər Günü münasibətilə tədbir təşkil olunub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

İnstitutun direktoru, biologiya elmləri doktoru, professor Adil Allahverdiyev çıxışında Zəfər Gününün Azərbaycan xalqının birliyi, iradəsi və qəhrəmanlığının təntənəsi olduğunu vurğulayıb. Professor qeyd edib ki, bu Qələbə şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı və xalqımızın sarsılmaz ruhu sayəsində qazanılıb.

Tədbirdə institutun rəhbər heyəti və elmi əməkdaşlarla yanaşı, xüsusi qonaqlar olan Vətən müharibəsi şəhidi Əsəd Əsədlinin anası və veteranımız Pərvin Şahməmmədov iştirak ediblər.

Çıxışlar zamanı şəhidlərimizin xatirəsi dərin ehtiramla anılıb, veteranların göstərdiyi şücaət və vətənpərvərlik ruhu gənc nəsil üçün nümunə kimi qiymətləndirilib.

Veteran Pərvin Şahməmmədov çıxışında Vətən müharibəsində keçdiyi döyüş yolundan, azadlıq uğrunda fədakarlıq və qürur hissindən, həmçinin görünməz qəhrəmanlar olan həkimlərin fədakarlığından danışıb.

Tədbirdə şəhidlərə və veteranlara həsr olunmuş videoçarxlar nümayiş etdirilib, sonda şəhidlərimizin ruhuna dua oxunub və onların xatirəsi dərin ehtiramla yad edilib.

Zəfər Gününün qeyd olunması xalqımızın milli birliyinin, azad Vətən sevgisinin və qalib ruhunun simvoludur. Bu Qələbə hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaq.

Seçilən
15
1
hit.az

2Mənbələr