Almaniya ən güclü adi silahlı orduya malik Avropa dövləti ola bilər.
Musavat.com xəbər verir ki, bu barədə Almaniyanın müdafiə sənayesinin nəhəng şirkəti “Rheinmetall”ın rəhbəri Armin Papperger danışıb.
ZDF telekanalına verdiyi müsahibəsində Papperger “Almaniyanın Avropada ən güclü ordunu yaratması nə dərəcədə realdır?” sualına belə cavab verib:
“Bu tamamilə realdır. Mən buna inanıram. Niyə? Çünki Almaniya hökumətinin başladığı proqramlar bunu açıq şəkildə göstərir - alınan texnika və sursatların miqdarı sürətlə artır. Mən əminəm ki, biz Avropada ən güclü, adi silahlarla təchiz olunmuş orduya sahib ola bilərik”.
Onun sözlərinə görə, bu hədəf 2029-cu ilə qədər reallaşa bilər. Eyni zamanda Papperger qeyd edib ki, şirkət üçün NATO-nun şərq cinahının möhkəmləndirilməsi böyük əhəmiyyət kəsb edir:
“Biz şərq cinahını gücləndirməliyik. Məhz buna görə də hazırda bir çox ölkələrə investisiya yatırırıq - Bolqarıstanda iki, Rumıniyada bir zavod tikirik. Dünən isə Litvada sursat istehsalı zavodunun təməlini qoyduq”.
Qeyd edək ki, 14 may tarixində Almaniya kansleri Fridrix Merts bəyan etmişdi ki, Bundesver (Almaniya Silahlı Qüvvələri) Avropanın ən güclü konvensional ordusuna çevrilməlidir. O, Almaniyanın öz müdafiə qabiliyyətini və döyüş hazırlığını öz resursları hesabına artırmalı olduğunu vurğulamışdı.
Bundan əvvəl, 25 martda, Almaniyada qəbul edilən əsas qanun dəyişiklikləri hökumətə “borc əngəli”ni (büdcədən gəlirlərdən artıq xərcləmə yasağını) yumşaltmağa və 500 milyard avroluq xüsusi müdafiə və infrastruktur fondu yaratmağa imkan vermişdi.
Hazırda Almaniya Müdafiə Nazirliyi Bundesverin şəxsi heyətini 183 mindən 260 minə qədər artırmağı planlaşdırır (2035-ci ilə qədər). Bununla belə, ordunun bütün qolları hələ də maddi-texniki çatışmazlıqlarla üzləşir. Quru qoşunlarının inspektoru general-leytenant Alfons Mais etiraf edib ki, Almaniya ordusu hələlik pilotsuz uçuş aparatlarına qarşı zəif müdafiə imkanlarına malikdir.
Musavat.com