AZ

BORÇALI: Unudulmaq istəməyən torpaq

Bu yazını yazmaqda məqsədimiz bu gün Borçalıların üzləşdiyi çoxsaylı problemlərə aydınlıq gətirmək, onların səsini cəmiyyətə çatdırmaqdır. Borçalı – sadəcə coğrafi bir bölgə deyil, min illərdir azərbaycanlıların nəfəsini, tarixini, adət-ənənəsini daşıyan müqəddəs yurd yeridir. Hər daşı, hər kəsəyi, hər kəndi bir tarix danışır. O yerlərin insanı zəhmətsevər, sadə, qürurlu və Vətənə sədaqətli olub. Lakin tale elə gətirib ki, bu torpağın sahibləri illərdir həm Gürcüstanda, həm də Azərbaycanda müxtəlif sosial, hüquqi və mədəni maneələrlə üzləşirlər.
Borçalılılar bu torpaqlarda sonradan məskunlaşmayıblar. Onlar əzəldən orada doğulub, orada kök atıblar. Amma tarixin sərt dönəmləri, siyasi gərginliklər və ədalətsiz qərarlar nəticəsində bir çox ailələr yurd-yuvalarını tərk etmək məcburiyyətində qalıblar. 1990-cı illərin əvvəllərində Zviad Qamsaxurdiya hakimiyyətinin dövründə bölgədə baş verən milli ayrı-seçkilik Borçalı azərbaycanlılarının həyatını alt-üst etdi. Ev-eşiyi yandırılan, təzyiqlərə məruz qalan ailələr məcburiyyət qarşısında qalıb Azərbaycana sığındılar. Lakin bu köç onların dərdinə çarə olmadı, çünki burada da vətəndaşlıq, təhsil və sosial bərabərlik sahəsində yeni maneələrlə üzləşdilər.
Bu gün də həmin ailələrin bir çoxu vətəndaşlıq məsələsində çətinlik çəkir. Azərbaycanda doğulan övladlar “xarici vətəndaş” statusu ilə yaşayırlar. Bu uşaqlar məktəbdə, ali təhsil müəssisələrində oxuyarkən hüquqi və sosial məhdudiyyətlərlə qarşılaşırlar. Yüksək balla universitetə qəbul olsalar da, vətəndaşlıqları olmadığı üçün dövlət sifarişi ilə deyil, yalnız ödənişli əsaslarla təhsil ala bilirlər. Bu, sosial ədalət prinsipinə ziddir. Ən ağrılı məqam isə odur ki, bu gənclər Azərbaycan ordusunda xidmət edir, Vətən uğrunda canlarını fəda edirlər, amma sülh dövründə “xarici vətəndaş” kimi qəbul olunurlar. Müharibədə azərbaycanlı, təhsildə isə yad kimi. Bu, nə mənəvi, nə də hüquqi baxımdan ədalətlidir.
Borçalıdan olan soydaşlarımız təkcə hüquqi deyil, həm də fiziki və iqtisadi çətinliklərlə üzləşirlər. Bu gün quru yolların bağlı olması onların Azərbaycana gediş-gəlişini olduqca çətinləşdirib. Sadə bir səfər belə böyük miqdarda vəsait tələb edir. Qohumlarını, yaxınlarını ziyarət etmək istəyən insanlar bəzən illərlə bu səfərə hazırlaşır. Qonşu və qardaş xalqlar arasında bu qədər sıx əlaqələr varkən, sərhəd keçidləri üçün müəyyən istisnalar və güzəştlər tətbiq olunmalıdır. Ailələr, tələbələr, xəstələr və zəruri hallarda yaşayan soydaşlarımız üçün sadələşdirilmiş rejim yaradılmalıdır. Bu, həm humanist, həm də milli məsuliyyət məsələsidir.
Borçalıda son illərdə başqa bir ciddi problem də yaranıb: yer adlarının dəyişdirilməsi. Əsrlər boyu Azərbaycan dilində işlənən kənd, dağ, çay və digər coğrafi adlar tədricən gürcü adları ilə əvəz olunur. Bu proses sadəcə ad dəyişikliyi deyil, tarixi və mədəni yaddaşın silinməsi deməkdir. Bir kəndin, bir dağın, bir bulağın adını dəyişmək, o torpağın yaddaşını, kimliyini dəyişməkdir. Borçalı torpağına verilən yeni gürcü adları o bölgənin azərbaycanlı kimliyinə kölgə salmaq, tarixdən silmək cəhdidir. Bu hal nə ədalətə, nə də qonşuluq münasibətlərinə uyğundur.
Mövcud vəziyyətin aradan qaldırılması üçün dövlət və cəmiyyət səviyyəsində ciddi addımlar atılmalıdır. Gürcüstandan gəlmiş azərbaycanlıların və onların övladlarının vətəndaşlıq alması üçün sadələşdirilmiş mexanizm yaradılmalı, təhsil imkanlarında bərabərlik təmin olunmalıdır. Bu gənclər ali məktəblərə qəbul zamanı yerli vətəndaşlarla eyni hüquqlara malik olmalıdırlar. Sosial inteqrasiya proqramları vasitəsilə bu ailələrin yaşayış şəraiti, məşğulluq və sosial təminat məsələləri həll edilməlidir. Gürcüstan hökuməti isə bölgədəki toponimlərin dəyişdirilməsi prosesini dayandırmalı, yerli azərbaycanlıların tarixi-mədəni irsinə hörmətlə yanaşmalıdır.
Azərbaycan dövləti və beynəlxalq təşkilatlar Gürcüstanda yaşayan azərbaycanlıların hüquqlarının qorunması istiqamətində daha fəal mövqe nümayiş etdirməlidirlər. Eyni zamanda, iki ölkə arasında dostluq münasibətləri çərçivəsində humanitar, təhsil və mədəni əlaqələr gücləndirilməlidir.
Tövsiyə olaraq qeyd etmək lazımdır ki, bu problemlərin həlli yalnız dövlət səviyyəsində deyil, ictimai səviyyədə də diqqət tələb edir. QHT-lər, media qurumları, diaspor təşkilatları Borçalı məsələsini gündəmdə saxlamalı, oradakı real vəziyyəti beynəlxalq aləmdə işıqlandırmalıdırlar. Borçalılı gənclərin təhsilinə dəstək məqsədilə xüsusi təqaüd proqramları, mədəni layihələr və qardaşlaşmış şəhər təşəbbüsləri həyata keçirilməlidir.
Borçalı azərbaycanlılarının taleyi yalnız bir bölgənin problemi deyil, bu, ümumxalq məsuliyyətidir. Onlar yüzillərdir öz milli kimliyini, dilini, dinini və mədəniyyətini qoruyub saxlayıblar. İndi isə onların ən təbii hüquqları – vətəndaşlıq, təhsil, hərəkət azadlığı, sosial təminat və tarixi adlara hörmət hüququ təmin olunmalıdır. Ədalət bərpa olunmadıqca, milli birlik də tam ola bilməz. Borçalılı soydaşlarımızın səsi bizim səsimizdir. Onların problemi bizim vicdan işimizdir.

 

Şərafəddin İlkin,
Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, "Beynəlxalq Rəsul Rza mükafatı" laureatı.




Seçilən
80
azia.az

1Mənbələr