Azərbaycandan gələn media nümayəndələri Xorəzm vilayətinin Urgenç şəhərində yerləşən IT-Parkın fəaliyyəti ilə tanış olublar.
APA-nın Xorəzm vilayətinə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, media nümayəndələrinə Özbəkistanın Rəqmsal İnkişaf Nazirliyinin nəzdində fəaliyyət göstərən IT-Parkda startap layihələrinin inkişafı, rəqəmsal xidmətlərin ixracı və gənclərin informasiya texnologiyaları sahəsində təlim imkanları barədə ətraflı məlumat verilib.
Bildirilib ki, hazırda parkda 250-dən çox gənc mütəxəssis fəaliyyət göstərir, startap inkubasiya mərkəzi fəaliyyətə başlayıb və regionda rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində mühüm addımlar atılır.
Hazırda ABŞ, İran, Rusiya, Avstraliya və digər ölkələrdən olan 108 şirkətin parkın rezidenti olduğu və onların yerli gənclər üçün çox sayda distant iş yerləri təklif etdikləri vurğulanıb.
Qeyd edək ki, Özbəkistana səfər zamanı yerli turizm obyektləri, tədris ocaqları, istehsal müəssisələrini ziyarət edən azərbaycanlı jurnalistlər Xorəzm vilayətinin iqtisadi, sosial və turizm potensialı ilə yerində tanış olmaq imkanı qazanıblar.
Səfər “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında media sahəsində əməkdaşlığın inkişafına dair Yol Xəritəsi” çərçivəsində reallaşdırılıb. Layihə iki ölkə arasında media sahəsində qarşılıqlı təcrübə və informasiya mübadiləsinin aparılmasını, həmçinin media ilə iş mexanizmləri üzrə qabaqcıl yanaşmaların öyrənilməsini nəzərdə tutur.