AZ

Ukraynanın Gəncəsi...

Kiyev indi çətin dilemma qarşısındadır: ya qoşunların mövcudluğunu saxlamaq barədə düşünməlidir, ya da Rusiyanın hərbi və diplomatik mövqeyini gücləndirəcək qərara- şəhərdən geri çəkilməyə razılaşmalıdır

Bir neçə gün əvvəl Ukrayna ərazilərinə yaxşı bələd olan tanışlardan biri dedi ki, Gəncə və ya Yevlax Azərbaycan üçün nədirsə, Pokrovsk də Ukrayna üçün o mövqedədir. Amma Ukrayna ərazisi çox böyükdür, ona görə Pokrovskın itirilməsi paytaxta yox, Rusiya ordusunun Dnepropetrovsk vilayəti, Slavyansk-Kramatorsk aqlomerasiyasına hücum üçün əlverişli mövqe olacaq.

Əsas xəbər budur ki, ukraynalılar Pokrovskın 80 faizini itiriblər və qalan 20 faizi üçün hələ də döyüşürlər, lakin orada da uduzurlar. Asan deyil, Ukrayna iki ilə yaxındır ki, Rusiya ordusunun Pokrovska irəliləməsinə müqavimət göstərir. Kiyev indi çətin dilemma qarşısındadır: ya qoşunların mövcudluğunu saxlamaq barədə düşünməlidir, ya da Rusiyanın hərbi və diplomatik mövqeyini gücləndirəcək qərara- şəhərdən geri çəkilməyə razılaşmalıdır. Pokrovsk uğrunda döyüşlər fonunda Zelenskinin qərarları ətrafında müzakirələri yenidən alovlandırıb: çoxları vəziyyəti prezidentin generallarının məsləhətinə zidd olaraq geri çəkilmək əmrinin gecikdirildiyi Baxmutla müqayisə edir. Zelenskinin tərəfdarlarının arqumentləri də keçərlidir. Onlar da iddia edirlər ki, Pokrovskın itirməsi Vaşinqtonda Kiyevin simvolik məğlubiyyət kimi qəbul oluna bilər. Rusiya prezidenti Pokrovskini ələ keçirərək Trampa Ukraynaya yardımın mənasızlığına inandırmaq üçün istifadə edə bilər.

Yeri gəlmişkən, 2023-cü ilin mayında “Baxmut getdi, sən də get” başlıqlı məqalə yazmışdım. Bu şəhər uğrunda döyüşlərdə hər iki tərəfdən çoxsaylı itkilər səbəbindən müasir hərb tarixinə “Baxmut ətçəkəni” kimi düşüb. Zelenski isə həmin vaxtı...Yaponiyada “G-7”ölkələrinin sammitində idi. Yaponiyadakı sammitdə Çinin sülh planı gündəmə gəlmişdi. Doğrudur, Çinin bu planı itirilmiş ərazilərin Ukraynaya qaytarılmasını nəzərdə tutmurdu, amma atəşkəsə razılaşacağı təqdirdə Pekin Ukraynaya səxavətli sərmayələr vəd etmişdi. Münaqişədən qazananlar, silah düccarları Zelenskini masaya oturmağa qoymadılar. Nə dəyişdi? İlyarım keçib, Ukrayna cəbhəsində vəziyyət daha pis, itkilər daha çoxdur. Amma daha Zelenskiyə “Pokrovsk getdi, sən də get” yazmağın mənası da yoxdur. İlyarım əvvələdək güman etmək olardı ki, Ukraynanı bir dövlət olaraq bu qədər tükəndirməmək lazımdır. Amma görünür ki, indi Ukrayna dayanarsa, dövlət kimi çıxdaş edilə bilər. Ordunun pulundan tutmuş, əhalinin pensiyasınadək Qərbin maliyyə təşkilatları verir. Müharibə dayansa, bu yardımlar, kreditlər də dayanacaq. Bu vəziyyət Rusiyaya da aiddir. Rusiya tam “müharibə iqtisadiyyatı”na keçib və bu prosesin qəfil dayandırılması ölkəni batıra bilər...

Bir çox mənbələr müharibənin ən azı 2027-ci ilə qədər davam edəcəyini iddia edir. Kreml rəsmiləri isə hesab edir ki, Ukraynadakı münaqişə bir-iki ay ərzində başa çata bilər, o şərtlə ki, “sponsorluq pulları və döyüş sursatları” bitsin. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas da Ukraynadakı münaqişə ilə bağlı özünün “real” ssenarisini açıqlayıb. O, savaşın yalnız bir neçə ildən sonra bitəcəyinə inanır.

Rusiya hakimiyyəti isə yeni hücum hazırlığındadır və Yeni ilə qədər 135 min nəfəri orduya çağırmaq niyyətindədir. Rusiyanın Teleqram kanalları yazır ki, çağırış yaşı olanların ölkədən çıxışına qeyri-rəsmi məhdudiyyət var. Ölkədən çıxmaq istəyənlər yalnız şəxsən hərbi komissarlığa getməlidir. Əvvəllər valideynlər yaz-payızda narahat olurlar, indi isə dörd fəsil hərbi xidmətə çağırış var. Çağırışçıları birbaşa cəbhə xəttinə aparmasalar da, sərhədyanı Kursk və Belqorod rayonlarına xidmətə göndərildiyi barədə məlumatlar yayılıb. Rusiyalılar mümkün qədər ən müxtəlif səbəb və bəhanələrlə övladlarını Putinin nəticəsiz müharibəsindən qorumağa çalışırlar.

Sabah Azərbaycan şanlı qələbəsinin 5-ci ilini Azadlıq meydanında hərbi paradla qeyd edəcək. Dəngələri dağılan dünyada əldə etdiyimiz bu qələbənin qiymətini bilməliyik...

Nazim SABİROĞLU,
Musavat.com

Seçilən
30
musavat.com

1Mənbələr