ABŞ-lı məşhur aktrisa Ancelina Colinin Ukraynaya səfəri zamanı onun sürücüsünün ölkəyə girişdə hərbi mərkəzə aparılaraq məcburi şəkildə orduya çağırıldığı iddia edilib. Hadisənin təfərrüatları belədir...
Sherg.az xəbər verir ki, UNICEF-in “Yaxşı niyyət elçisi” kimi müharibədən zərər çəkmiş uşaqlar və mülki şəxslərlə görüşmək üçün Ukraynaya səfər edən Colinin sürpriz ziyarəti gözlənilmədən böhrana çevrilib.
Colinin korteji Ukraynanın Mıkolayiv şəhərinə daxil olarkən hərbi nəzarət məntəqəsində dayandırılıb. Hərbçilər, aktrisanın sürücüsünün Ukrayna Uçuş Akademiyasını bitirdiyini, lakin hərbi xidmət keçmədiyini müəyyənləşdirib və onu saxlayıblar.
Coliyə və onu müşayiət edən heyət üzvlərinə ölkəyə giriş icazəsi verilsə də, 33 yaşlı, Dımtro adlı Ukrayna vətəndaşı olan sürücü hərbi mərkəzə aparılıb və məcburi şəkildə xidmətə cəlb olunub.
Lakin daha sonra yayılan rəsmi açıqlamada bildirilib ki, Dımtronun onurğasında xroniki bir xəstəlik olduğu üçün o, hərbi xidmətdən azaddır. Məşhur aktrisanın sürücüsü az sonra sərbəst buraxılıb və ona gələcəkdə müəyyən bir tarixdə hərbi mərkəzə müraciət etməsi tapşırılıb.
Turan