Cari il ərzində 32 mikro və kiçik sahibkara “Startap” şəhadətnaməsi verilib ki, onlardan 5-i qadındır.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) hafta.az-a verilən məlumata görə, 2025-ci ildə KOBİA tərəfindən təşkil olunmuş 7-ci qrant müsabiqəsi çərçivəsində qrant vəsaiti almış KOB subyektlərindən 10-u qadın sahibkardır. Cari ildə KOBİA-nın təşkil etdiyi biznes təlimlərdən və məsləhət xidmətlərindən ümumilikdə 900-dən çox qadın sahibkar və biznesə başlamaq istəyən qadınlar yararlanıb.
Ümumilikdə qlobal səviyyədə, eləcə də Azərbaycanda qadın sahibkarların davamlı iqtisadi inkişafa və məşğulluğa töhfəsi artmaqdadır. Qadınlar biznes yaratmağa və özünüməşğulluğa daha çox maraq göstərir. Azərbaycan sahibkarlarının təqribən 23 faizini qadınlar təşkil edir. Qadın sahibkarlar əsasən xidmət, ticarət, sənaye və s. sektorlarda fəaliyyət göstərirlər.
KOBİA qadınların özünüməşğulluğa və sahibkarlıq fəaliyyətinə cəlb olunması, sahibkarlar arasında qadınların payının artırılması üçün bir sıra dəstək və xidmətlər göstərir.
Belə ki, qadınlar biznes fəaliyyətinə başlamaq və sahibkarlıq fəaliyyətini genişləndirmək üçün KOBİA-nın təlim, məsləhət, maliyyə resurslarına və satış bazarlarına çıxış, qrant, daxili bazar araşdırması, “Startap” şəhadətnaməsi və digər dəstək və xidmətlərindən faydalanırlar.
Qadınların sahibkarlıq fəaliyyəti, bu sahədə yeniliklər, dövlət dəstəyi tədbirləri barədə məlumatlandırılması, onların fikir və təkliflərinin öyrənilməsi üçün mütəmadi olaraq agentlik tərəfindən maarifləndirici tədbirlər təşkil olunur. Həmçinin tərəfdaş qurumlarla birgə qadınların biznes fəaliyyətinə cəlb edilməsi və inkişafını dəstəkləyən ünvanlı layihələr həyata keçirilir.
Cari ildə də davam etdirilən “Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsindən 70-dən çox qadın faydalanıb. Layihə çərçivəsində müxtəlif sektorları təmsil edən qadın sahibkarlar üçün təlimlər, ofis və istehsalat ziyarətləri, dövlət qurumlarında görüşlər, master-klasslar və digər tədbirlər təşkil olunub.