“Gərək torpaqlarımızın azad edildiyi son 5 il ərzində Qarabağ və Zəngəzurda “ağıllı” kəndlərlə yanaşı, qoyunçuluq, maldarlığın tərəqqisi mənasında da ağıllı, tövləli kəndlər tikdirəydik... Onda bu gün monqol qoyunlarının haram və keyfiyyətsiz ətinə möhtac qalmazdıq...”
Neçə vəqtdir, fikirləşirəm ki, bizi kim möhtac elədi bu monqol qoyununa - axı belə baxanda bizdə yetərincə qoyun olmalı idi... Çox düşündüm-daşındım, axırda belə qənaətə gəldim ki, günahkar elə özümüzük, öz zehniyyət, xüsusiyyət və xasiyyətimizdir. Bax, diqqət etdiniz - hamısı “ət”lə bitir- “qənaət”, “zehniyyət”, “xasiyyət”... Allah bizim bu ətə bağlılıq, ətdən asılılıq xasiyyətimizi kəssin... Rəhmətlik Sabir demiş, nəfsimiz hər yerdə “az qalır it kimi dırmaşa ətə...” Və ətə belə bağlılığımızı görüb “kim nə deyər bizdə olan qeyrətə?!. Qeyrətimiz bəlli bütün millətə!..” Budur ha, gördünüz- “millət” sözü də “ət”lə bitir... Odur ki, nə ət bizdən əl çəkir, nə biz ətdən...
Sən demə, elə bu ətdir bizi salan zülmət və zillətə... Adam kimi yesək, nə var e... Toylarda da, yaslarda da ətdən-mətdən o qədər basıb yeyirik ki, axırda dönürük Mirzə Cəlilin “Yava adasını satın ala bilən qarnı yoğunları”na... Yəni əti çox yedikcə qeyrət aradan gedir, meydana ləzzət, şəhvət, hakimiyyət, var-dövlət, şöhrət, qüdrət azarları gəlir... Və ən xəcalətvericisi odur ki, parası çox olub əti çox yeyənlərin fəziləti, qeyrəti yoxdur, qeyrəti, fəziləti olanlarımızın da parası...
Əlqərəz, deyəsən, mətləbə xeyli xəsarət yetiririk... Dərdimiz ötən il məmləkətə idxal olunan qoyun ətinin 94 faizini təşkil etmiş haram kəsilən monqol qoyun ətindən qurtulmaqdır ki, bunun üçün sadəcə bir az iqtisadi cürət, bir az mənəvi qeyrət, bir xeyli də fiziki zəhmət lazımdır ki, onlar da bizdə getdikcə qəhətə çəkilir. Əksəriyyət adəti üzrə cumur asan - zəhmət, əziyyət çəkmədən pul qazanmağa...
“Qoyun” deyən kimi də yadıma rəhmətlik Şəhriyarın məşhur beyti düşür:
“Qorxuram ki, oyun ola-
Millət dönüb qoyun ola...”
Oyun da olur, nə yazıq ki... Bu qarnıyoğun siyasətbazların o qədər düşük, o qədər gülünc oyunlarını gördükcə bu halal, keyfiyyətli ətin qəhət olduğu bir vaxtda adamın olan-qalan əti də tökülür... Digər cəhət və istiqamətlərdən də ki, oyunbazların ticarəti, lotereya, “poz-qazan”, nə bilim, gizli zirzəmilərdəki, internetdəki qumar oyunları... Bir də təbii ki, rüşvət... Rüşvət çox olan yerdə də, sözsüz ki, siyasət də haramlaşır, ticarət də, mədəniyyət də... Axırı da olur qiyamət... Qiyamətə, Axirətə inanlar da olub qəhət... Odur ki, nəinki ingilislərdən, firənglərdən, hətta monqollardan da geri qalırıq... Nefti-qazı olmayan 3 milyonluq monqol milləti özlərindən 10 dəfə çox – 30 milyon qoyun yetişdirib saxlaya və bizimlə öz qoyunlarının keyfiyyətsiz əti ilə ticarət etməyə cəsarət edə bilir... Amma biz hər işdə olduğu kimi bu işdə də cəsarət, qeyrət və zəhmətdən çəkinib ətalətə, zəlalətə mübtəla oluruq... Bu səbəbdəndir ki, 5 ildir neçə minlərimizin cəsarəti, şücaəti, rəşadəti, nəhayət, şəhadəti sayəsində işğaldan azad edilmiş münbit, dağlı, dərəli, meşəli, çəmənli, otlu-çiçəkli, büllur bulaqlı Qarabağ, Zəngəzur yaylaqlarının və Beyləqanın, Ağcabədinin, Kürdəmirin böyük çöllərinin, qışlaqlarının milyonlarla qoyun yetişdirə bilmək kəramətindən məhrum olmuşuq... Amma torpaqlarımızın azad edildiyi son 5 il ərzində məmləkətin baş iqtisadçılarının bir balaca ağlı kəssəydi, orada süni zehniyyət baxımından “ağıllı” kəndlərlə yanaşı, qoyunçuluq, maldarlığın tərəqqisi mənasında da ağıllı, tövləli kəndlər tikməyi məsləhət görərdilər. Yəni Kəlbəcərə, Laçına, Qubadlıya, Ağdama, Füzuliyə, Zəngilana köçürülən kəndlilərə qoyun-keçi, inək-camış saxlamaq üçün ağıllar, tövlələr də tikilər, hərtərəfli şərait yaradılar və o torpaqlarımızda maldarlıq və qoyunçuluğun da inkişafı vüsət alardı. Nəticədə özümüz kifayət qədər keyfiyyətli və ləzzətli ət yetişdirər və bu gün monqol, rus, braziliya, nə bilim, nə qoyunlarının haram və keyfiyyətsiz ətinə möhtac qalmazdıq...
Yenə də gəlib çıxırıq cəsarət, zehniyyət, iqtisadi siyasət, fərasət, zəhmət və dəyanətə... Nə yazıqlar ki, öncə dediyimiz kimi, əksəriyyət dürüst siyasət və zəhmətə qarışmaq fərasətinə cəsarət etməyib cinayət və xəyanət rəzalətinə düçar olur. Qalanlar isə ətalətə qapılıb zəlalət və sükunətə düşür...
Bir sözlə, yenə Allah kəssin, bizim bu ətdən asılılıq xasiyyətimizi... Sanki hansısa xəyalətlər ətrafımıza ətdən bir çəpər çəkib bizi salıblar ətalət və sükunətə... Xülasə, nə qədər ki, qoyunla oyun, ətlə rüşvət, rüşvətlə siyasət, siyasətlə xəyanət, fərasətlə cinayət qafiyələnir, bizimki qalıb o bir olan Allaha...
Sultan Laçın