AZ

"Məktəb şagirdə dili yaşayan ünsiyyət vasitəsi kimi deyil, imtahan fənni kimi təqdim edir"

"Düzdür, bu fikirdə müəyyən qədər əsaslı məqamlar var, lakin məsələni tam şəkildə yalnız məktəblərlə əlaqələndirmək düzgün olmaz. Orta məktəb dövrü dilin düzgün öyrənilməsinin əsas mərhələsidir. Bu mərhələdə qrammatika, orfoqrafiya və üslub qaydaları formalaşır, oxu və yazı vərdişləri bərqərar olur. Həmçinin şagirdin nitq mədəniyyəti formalaşmağa başlayır".

Bu sözləri təhsil eksperti Rizvan Fikrətoğlu Redaktor.az-a açıqlamasında Mətbuat Şurasının sədr müavini Səadət Məmmədovanın "ana dilimizdəki dil pozuntularının əsas səbəbi orta məktəbdə olan tədrisdir" fikrinə münasibət bildirərkən dedi.

Onun sözlərinə görə, əgər ana dili dərsləri sistemli, praktik və maraqlı şəkildə aparılmazsa, şagirdlər bu bilikləri mexaniki şəkildə əzbərləyirlər, lakin real ünsiyyətdə tətbiq edə bilmirlər:

"Bu isə sonradan dil pozuntularının, söz seçimi, cümlə quruluşu, orfoqrafik səhvlərin və s. artmasına gətirib çıxarır. Bir çox hallarda dərsliklər və tədris metodikası dil hissələrinin mənimsənilməsinə deyil, qaydaların əzbərlənməsinə yönəlib. Məsələn, uşaqlar qaydaları əzbərləyir, amma nitqdə istifadə etməyi öyrənmirlər. Oxu və yazı vərdişləri praktiki məşğələlərlə deyil, test üsulları ilə qiymətləndirilir. Eyni vəziyyət ədəbiyyat dərslərində də müşahidə olunur, dilin gözəlliyini hiss etdirmək əvəzinə, faktların əzbərlənməsinə üstünlük verilir. Nəticədə məktəb şagirdə dili yaşayan ünsiyyət vasitəsi kimi deyil, imtahan fənni kimi təqdim edir".

Müsahibimiz əlavə etdi ki, bu gün dil pozuntularının artmasında təkcə məktəbin deyil, sosial şəbəkələrdəki natamam və kobud dil istifadəsinin, televiziyada və mətbuatda dil normalarına laqeydliyin, eləcə də xarici dillərin, xüsusilə ingilis və rus dillərinin təsiri, valideynlərin və ətraf mühitin danışıq tərzinin də mühüm rolu var.

"Yəni şagird məktəbdə düzgün danışığı öyrənsə belə, gündəlik həyatda fərqli dil mühiti ilə qarşılaşır. Bu da öyrəndiyi bilikləri zəiflədir. Beləliklə, orta məktəbdəki tədris dil pozuntularının əsas səbəblərindən biridir, amma yeganə səbəb deyil. Dilin təmizliyini qorumaq üçün məktəblərdə ana dili dərsləri daha praktik və ünsiyyət yönümlü olmalı, media və sosial platformalarda dil mədəniyyəti təbliğ edilməli, ailədə və ictimai mühitdə düzgün danışıq nümunəsi formalaşdırılmalıdır", - deyə Rizvan Fikrətoğlu yekunlaşdırdı.

Nuriyyə NATİQQIZI

Seçilən
43
1
redaktor.az

2Mənbələr