Moldova hökuməti sanksiyalara məruz qalan Rusiyanın “Lukoil” şirkətindən Kişineu hava limanındakı yanacaq anbarlarını aeroportun fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə satın almağı planlaşdırır.
Bu barədə Moldovanın energetika naziri Dorin Junqetu “Facebook” səhifəsində paylaşım edib.
Onun sözlərinə görə, Dövlət Təhlükəsizliyi üçün Əhəmiyyətli İnvestisiyaların Araşdırılması Şurası “Lukoil” şirkətinin aktivlərini satmaq və Aeroportdakı infrastrukturunu digər bir şirkətə ötürmək təklifini rədd edib, çünki həmin şirkət Moldova Respublikasının milli təhlükəsizlik meyarlarına uyğun hesab edilmir.
Nazir bildirib ki, Şura “Lukoil”in Aeroportdakı anbarının satın alınması barədə təklif irəli sürüb ki, dövlət bu infrastrukturu və resursları öz üzərinə götürsün. Bu təklifin son tarixi 17 noyabrdır, çünki 21 noyabrdan etibarən “Lukoil” Moldovanın ABŞ sanksiyalarına qoşulması ilə əlaqədar fəaliyyətini davam etdirmək imkanını itirəcək.
“2025-ci il noyabrın 21-dən etibarən “Lukoil” fəaliyyət (Moldovada – red.) qabiliyyətini itirəcək, yəni benzin, dizel və kerosin tədarükü və təminatı üzrə fəaliyyətini davam etdirə bilməyəcək. Bu vəziyyət ABŞ tərəfindən oktyabr ayında tətbiq edilən sanksiyaların, şirkətin hesablarının və aktivlərinin bloklanmasının, həmçinin ABŞ Xəzinədarlıq Departamentinin (Maliyyə Nazirliyi – red.) “Lukoil” şirkətinin aktivlərinin “Gunvor” şirkətinə satılmasına icazə verməməsinin nəticəsidir”, – paylaşımda qeyd olunur.
Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi 22 oktyabr tarixində “Lukoil” və onun 50%-dən çox paya sahib olduğu törəmə şirkətlərinə qarşı sanksiyalar tətbiq edib. Onlarla olan bütün əməliyyatlar 21 noyabr tarixinədək başa çatdırılmalıdır. Avropa İttifaqı isə 23 oktyabrda açıqlanan 19-cu sanksiya paketinin çərçivəsində Dubayda yerləşən “Lukoil”un ticarət bölməsi “Litasco Middle East DMCC”yə qarşı məhdudiyyətlər tətbiq edib.