AZ

Qabığı ilə satılmalı meyvə, soyularaq satışda – AQTA niyə nəzarət etmir?

Sosial şəbəkələrdə paytaxtda fəaliyyət göstərən marketlərin birində bananın soyulub qablaşdırılaraq satılmasını əks etdirən fotolar yayılıb. Sözügedən görüntülərlə bağlı müxtəlif fikirlər səsləndirilib, bu məsələ cəmiyyətdə birmənalı qarşılanmayıb. Bəziləri bunu rahatlıq, bəziləri isə natəmizlik adlandırıb. Fotolarda məhsulların müəyyən qədər qaralmış, xarab olmuş bananlar olduğu xüsusi diqqət çəkir. Nəzərə alsaq ki, birbaşa istifadəyə hazır olan məhsula əllə təmas gigiyenik qaydaların pozulması hesab olunur və müxtəlik infeksiyalara, xəstəliklərə səbəb ola bilər. Belə olan halda nəyə görə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bu məsələyə nəzarət etmir?


Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, qida mütəxəssisi Məhsəti Hüseynova Manset.az-a açıqlamasında digərləri tərəfindən əl ilə təmas olunaraq soyulmuş məhsulların yarada biləcəyi ciddi təhlükələrdən danışıb.

“Təbii ki, bu, düzgün deyil. Birinci növbədə bu meyvə tərkibindəki mineral dəyərlərini itirir. Eləcə də bu formada satılan meyvədə faydalı elementlərdən söhbət gedə bilməz. Çünki meyvələr qabığı soyulduğu anda insanlar tərəfindən istehlak olunduqda faydalı elementlər insan orqanizminə lazımi faydanı verir”.

Mütəxəssis qeyd edib ki, bu məsələdə digər bir məqam da var. Bu da köhnə və istifadəyə yararsız olan bananların bu formada soyularaq satılmasıdır. Sözügedən nüans isə istehlakçı hüquqlarının pozulmasına gətirib çıxarır.

“Xarab olmağa başlamış, qabığı qaralmış meyvələrin soyularaq bu şəkildə satılması gigiyena qaydalarının da ciddi şəkildə pozulmasıdır. Nəzər salsaq görə bilərik ki, məhsulun qiyməti də normal bananla elə də fərqlənmir. Burada əsas məqam odur ki, sanitar və gigiyena qaydalarına uyğun olmadan meyvələrin soyularaq, kəsilərək kəsilməsidir. Bir nüansa da diqqət etmək lazımdır ki, bir çox hallarda bu soyulub satılan meyvələr məhz qabıqlı, yuyulmadan satılan meyvələrin yanında qoyularaq satılır. Burada da artıq çarpaz çirklənmə, eləcə də bir çox qabıqlı meyvədə olan torpaq qalıntısı belə bu meyvələrə keçə bilər. Nəzərə alsaq ki, soyulmuş meyvəni aldıqda biz onu ev şəraitində artıq yuya, dezinfeksiya edə də bilmirəm. Nəticədə o, daha təhlükəli hal alır. Bu bir çox hallarda insan orqanizminə zərər verə bilər. Çirklənmədən qaynaqlanaraq həzm sisteminin pozulmasına gətirib çıxara bilər”.

Görünür ki, Azərbaycan cəmiyyətinin yeni bəlası AQTA tərəfindən nəzarət olunmayan marketlərin antisanitariya yaradan bu əməlləri olacaq.



Manşet.az

Seçilən
33
manset.az

1Mənbələr