AZ

Sabiq kralın etirafı şok effekti yaratdı: Qardaşımı vurub öldürən mən idim - FOTO

İspaniyanın keçmiş kralı Xuan Karlos 70 ildən sonra qardaşının ölümü ilə bağlı danışıb.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, o, yeni nəşr olunacaq xatirə kitabında 1956-cı ildə Portuqaliyadakı ailə evində silahla oynayarkən qardaşı Alfonsonun alnından güllələdiyini yazıb.

"Bu faciənin ağırlığından heç vaxt qurtula bilməyəcəyəm. Maqazini çıxardıq, amma içəridə güllə qaldığını bilmirdik”.
Keçmiş kral güllənin sıçrayaraq qardaşının alnına dəydiyini və Alfonsonun atasının qucağında öldüyünü bildirib.

O vaxt cəmi 18 yaşı olan Xuan Karlosa qarşı heç bir rəsmi istintaq başladılmayıb. Atasının silahı dənizə atdığını və Alfonsonun cəsədini İspaniya bayrağı ilə örtdüyünü deyən keçmiş kral hadisənin nəticələrini belə təsvir edib:

“Atam məni silkələdi və dedi: “Söz ver ki, bunu qəsdən etməmisən”. Amma münasibətimiz bir daha əvvəlki kimi olmadı.

Bir dostumu, sirdaşımı itirdim. Bundan sonra həyatım qaraldı. Hələ də hər gün onun haqqında düşünürəm”.

Alfonsunun ölümü illərlə bədbəxt hadisə kimi qələmə verilib. Keçmiş kralın etirafı isə İspaniyada şok effekti yaradıb.

Xuan Karlosun "Mi vida, mi verdad" (Mənim həyatım, Mənim həqiqətim) adlı xatirələri General Fransisko Frankonun ölümünün 50-ci ildönümündə İspaniyada nəşr olunacaq.

Qeyd edək ki, faciədən sonra Xuan Karlos hərbi məktəbə qayıdıb. O, 1975-ci ildə Fransisko Frankonun ölümündən sonra taxta çıxıb. Lakin o, korrupsiya iddiaları, cinsi qalmaqallar və dəbdəbəli həyat tərzi səbəbindən uzun müddətdir ictimai tənqidlə üzləşib.
Xuan Karlos taxt-tacı 2014-cü ildə oğlu VI Felipeyə təhvil verib. O, hazırda Dubayda sürgündə yaşayır.

Billurə

Seçilən
60
olke.az

1Mənbələr