
Əsrlərin yaddaşını və Azərbaycan qadınının toxunulmaz qəlbini daşıyan bir əmanət var: Kəlağayı. Bu, nə qiyməti ölçülən bir zinət, nə də ötəri bir dəbin kölgəsidir; bu qız övladına anadan miras qalan, nəsillərin ismət və ləyaqət andını özündə cəmləşdirən müqəddəs bir simvoldur.
Kəlağayı adət-ənənə qanunumuzun ən zərif səhifəsidir. O, sadəcə ipək parça deyil, qadının şərəfini və namusunu yad baxışlardan qoruyan mənəvi zirehdir. Baş açıqlığının qadağan sayıldığı bir cəmiyyətdə, kəlağayı həm estetik zərifliyin, həm də əxlaqi ucalığın bədii təcəssümünə çevrilmişdi. Bu baş örtüyü qadınların sosial mövqeyindən asılı olmayaraq hər birinin cəmiyyətdəki bərabər mənəvi dəyərini təsdiqləyirdi.
Bu əmanətin üzərindəki hər bir naxış, qədim butalar, çiçəklər və həndəsi motivlər dərin bir həyat fəlsəfəsini əks etdirir. Buta rəsmi, ulu əcdadımızın od inancından süzülən, heç vaxt sönməyən, əbədi yaşar ruhun rəmzidir. Kəlağayı dörd küncündə bu butaları gəzdirərək, qadına əbədi qoruyucu güc bəxş edir, onun ailə ocağını və namusunu mühafizə etmək missiyasını təsdiqləyir.
Kəlağayının rəngləri bir duyğu, bir məqamın ifadəsidir. Toyda gəlinin başına atılan al rəngli kəlağayı həm sevginin , həm də qızın ata evindən gətirdiyi təmizliyin və sədaqətin simvoludur. Bu Oğuz nəslinin gəlinə bağışladığı etimad andı, bir ailənin müqəddəs başlanğıcı idi.
Ən böyük hadisələr, ən kəskin mübahisələr belə, kəlağayının mənəvi gücü qarşısında susub. Bir ananın kəlağayısının yerə atıldığı an sükut hakim kəsilirdi. Bu xalqımızın qadına, onun toxunulmazlığına və ismətinə verdiyi dəyərin ən güclü ifadəsi olaraq qeyrət və əxlaq qanunumuzun yazılmamış maddəsinə çevrilib.
Bu gün də kəlağayı gənc nəslin qəlbində bir inanc kimi yaşayır. O, bizə keçmişin saflığını və mənəviyyatımızın ucalığını xatırladır. 2014-cü ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsi ilə bu ipək simvol artıq yalnız bir xalqın deyil, bəşəriyyətin dəyər verdiyi mənəvi irs halına gəldi. Qadın ləyaqətinin və milli zərifliyin beynəlxalq təcəssümü kimi tanındı.
Kəlağayı ipək kimi yumşaq, amma Vətən kimi möhkəm bir inancın təzahürüdür. O ruhumuzun, qeyrətimizin və nəsil davamlılığımızın zəmanətidir. Bizim borcumuz bu sədaqət hekayəsinə sahib çıxmaq və Kəlağayını, Azərbaycan qadınının toxunulmaz qeyrətini gələcək nəsillərə ən böyük mənəvi miras kimi ötürməkdir.
İlahə Allahverdiyeva
Jurnalist