AZ

Cənubi Qafqazda sülh gündəliyi: Gürcüstandan Azərbaycan-Ermənistan dialoquna REAKSİYA

Son zamanlar Gürcüstan rəsmiləri Azərbaycanla Ermənistan arasında sülh prosesi çərçivəsində atılan addımlar, o cümlədən Gürcüstanla Azərbaycan arasında strateji tərəfdaşlığın önəminə diqqət çəkməyə başlayıblar. Oktyabrın 31-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan Respublikasının Səmərqənd şəhərinə işgüzar səfəri çərçivəsində Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili ilə görüşüb.

qStSgEfw6zH05w0b9Szf2rGGHRhmdhHhkDOBtomC_825.jpg

Boçorişvili bildirib ki, Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır, ikitərəfli münasibətlər kifayət qədər intensivdir və daimi fikir mübadiləsi vacibdir. Nazirin sözlərinə görə, görüşdə Orta Dəhlizin inkişafı baxımından Gürcüstan və Azərbaycanın mövqeyindən daha səmərəli istifadə üzrə gələcək addımlar planlaşdırılıb:

“Konkret layihələrlə bağlı iş aparılır və bu kontekstdə xarici işlər nazirləri səviyyəsində siyasi dialoq vacibdir. Yaxın gələcəkdə yüksək səviyyəli səfərlər də daxil olmaqla digər önəmli mövzular, həmçinin bizim daima müzakirə etdiyimiz müxtəlif sahələrdə əməkdaşlıq məsələləri də var. Gürcüstanla Azərbaycan arasında strateji tərəfdaşlığın çox ciddi əhəmiyyəti var. Bu tərəfdaşlıq həm Gürcüstan, həm də Azərbaycan üçün yalnız iki ölkə arasındakı münasibətlər baxımından deyil, daha geniş regional əməkdaşlıq kontekstində də çox mühüm əhəmiyyət daşıyır”.

Gürcüstanın baş naziri İrakli Kobaxidze də verdiyi açıqlamada Ermənistan ilə Azərbaycan arasında sülhün bərqərar olmasının önəmindən bəhs edib.

Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlığın güclənməsi regionda sabitlik və iqtisadi əməkdaşlıq baxımından mühüm əhəmiyyət kəsb edir. Xüsusilə, Orta Dəhlizin inkişafı istiqamətində iki ölkənin birgə fəaliyyəti nəqliyyat və logistika sahəsində yeni imkanlar açır. Gürcüstanın Ermənistan-Azərbaycan sülh prosesinə dəstək verməsi isə Cənubi Qafqazda dayanıqlı sülh və əməkdaşlıq mühitinin formalaşmasına töhfə verir. Bu dialoq region ölkələrinin qarşılıqlı etimadının möhkəmlənməsi üçün mühüm addım hesab oluna bilər.

otYBWbrs7n4V.jpg

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Nəsibə Mirzəyeva Musavat.com-a şərhində bildirib ki, son zamanlarda Azərbaycanla Ermənistan arasında sülh prosesi çərçivəsində atılan ciddi diplomatik addımlar gürcü mətbuatında geniş müzakirə olunan, ictimaiyyətin marağına səbəb olan gündəmə çevrilib:

“Bu günlərdə Gürcüstanın baş naziri İrakli Kobaxidze TRT WORLD telekanalına verdiyi müsahibəsində bildirib ki, bu proses Cənubi Qafqaz regionunda sülhün daha da möhkəmlənməsinə və ölkələrin iqtisadi inkişafına mühüm töhfə verəcək.

Hökumət başçısının sözlərinə görə, sülh sazişi region üçün olduqca vacibdir və son 35 ildə Gürcüstan regionda sülhün təşviqində çox mühüm rol oynayıb və bu gün də dənizə çıxışı olmayan Ermənistan və Azərbaycan üçün əhəmiyyətli tərəfdaşdır. Gürcüstanın iki ölkə ilə iqtisadi əməkdaşlığı onların iqtisadi inkişafı üçün həlledici rol oynayır. İki ölkə arasında sülh sazişinin imzalanmasının ölkələrin siyasi mövqelərinin güclənməsi və iqtisadiyyatlarının inkişafı baxımından da əhəmiyyəti baş nazir tərəfindən dilə gətirilib. İ.Kobaxidze hesab edir ki, sülh yüksək iqtisadi artım templərinə malik üç ölkə arasındakı əla əməkdaşlığın nəticəsidir. Bu baxımdan gələcəkdə də bu xətt davam etdirilməlidir. Azərbaycan və Gürcüstan arasındakı əməkdaşlıq uzun illərdir ki, qarşılıqlı hörmət, etibar və strateji maraqlar üzərində qurulub. Bu münasibətlər iki dövlətin xarici siyasət prioritetlərini tamamlayıcı şəkildə dəstəkləyir və regional sabitliyin təmin olunmasında mühüm rol oynayır. Gürcüstanın xarici siyasət strategiyasında Avroatlantik inteqrasiya əsas prioritetlərdən biri olaraq qalır, lakin bu inteqrasiya prosesi yalnız hərbi, diplomatik və institusional dəstək vasitəsilə deyil, həmçinin regional əməkdaşlıq və strateji tərəfdaşlıq elementləri üzərində qurulmuş dayaq nöqtələri vasitəsilə də həyata keçirilir.

Bu kontekstdə Azərbaycan regional sabitliyi qoruyan və güc balansını təmin edən mühüm aktor kimi diqqət mərkəzinə çıxır. Azərbaycan-Gürcüstan münasibətləri həm iqtisadi, həm enerji, həm də nəqliyyat sahələrində qarşılıqlı faydalı əməkdaşlığı təşviq edir, tərəflər arasında institusional çevikliyi gücləndirir və uzunmüddətli strateji tərəfdaşlıq üçün möhkəm zəmin yaradır. Bununla yanaşı, bu əməkdaşlıq regional inteqrasiya proseslərinin dərinləşməsinə, təhlükəsizlik məsələlərinin daha effektiv həllinə və qarşılıqlı maraqların qorunmasına xidmət edir. Beləliklə, Azərbaycan və Gürcüstan arasındakı münasibətlər yalnız ikitərəfli əməkdaşlıq çərçivəsində qalmır, həm də Cənubi Qafqaz regionunda dayanıqlı sabitliyin, iqtisadi inkişafın və strateji inteqrasiyanın təmin olunmasında nümunəvi model kimi çıxış edir. Təsadüfi deyil ki, cari ildə Tbilisidə baş tutan beşinci “İpək Yolu” forumundakı əsas mesajlar Gürcüstan-Ermənistan-Azərbaycan əməkdaşlığının yeni perspektivlərinə həsr olunub. Həmin forumda məlum olduğu kimi Gürcüstanın, Azərbaycanın və Ermənistanın baş nazirləri üçtərəfli əməkdaşlığın əhəmiyyətinə diqqət çəkiblər. Gürcüstanın baş naziri İrakli Kobaxidze isə qeyd edib ki, Gürcüstan hökuməti tamamilə sülhün möhkəmləndirilməsinə, əməkdaşlığa və iqtisadi tərəfdaşlığın inkişafına yönəlib. Onun sözlərinə görə, qonşu ölkələr arasında etibarlı tərəfdaşlıq həm iqtisadi, həm tranzit, həm də siyasi baxımdan mühüm prioritetlərə yönəlib. Gürcüstanın Avropa İttifaqı, MDB ölkələri, Türkiyə, Çin, BƏƏ ilə azad ticarət sazişlərinin bu əlaqələrinin inkişaf potensialına yönəldiyi də xüsusilə qeyd edilib”.

N.Mirzəyeva əlavə edib ki, çoxtərəfli münasibətlər sistemi çərçivəsində dövlətlər daim ikitərəfli əlaqələrin inkişafına xüsusi önəm verir, bu münasibətləri müxtəlif sahələrdə həm qlobal, həm də regional səviyyədə təkmilləşdirməyə çalışırlar:

“Bu prosesdə siyasi kapitaldan strateji alət kimi istifadə edən dövlətlər xarici siyasət məqsədlərini realizə etməyə, diplomatik nüfuzlarını gücləndirməyə və institusional imkanlarını artırmağa yönəlirlər. Bu baxımdan strateji tərəfdaşlıq yalnız ikitərəfli əməkdaşlıq mexanizmi kimi deyil, xarici siyasətin həm liberal, həm də realist prinsiplərinə xidmət edən mühüm institusional çərçivə kimi çıxış edir. Akademik prizmadan baxdıqda, strateji tərəfdaşlıq dövlətlərarası münasibətlərin iki əsas komponentini, ortaq maraqlar və institusional əməkdaşlığı birləşdirir. Bu, tərəfdaş dövlətlər arasında uzunmüddətli, etibarlı və dayanıqlı əlaqələrin formalaşmasına şərait yaradır, eyni zamanda institusional çevikliyi təmin edir. Beləliklə, strateji tərəfdaşlıq konsepsiyası realist yanaşmanın vurğuladığı güc və etibara əsaslanan ittifaqları, liberal inteqrasiya nəzəriyyəsinin prinsipləri ilə birləşdirərək dövlətlərin həm təhlükəsizlik, həm iqtisadi, həm də siyasi sahələrdə səmərəli əməkdaşlıq etməsinə imkan verir. Beynəlxalq münasibətlər sistemində baş verən transformasiyalar strateji tərəfdaşlıq anlayışını aktuallaşdırır. Strateji tərəfdaşlıq yalnız ikitərəfli əməkdaşlıq səviyyəsində nəzərdən keçirilmir, həm də beynəlxalq problemlərin sistemli şəkildə həlli, regional sabitliyin təmin olunması və dövlətlərin qlobal arenadakı mövqelərinin möhkəmləndirilməsi üçün zəruri institusional alət kimi qəbul olunur. Bu cür yanaşma dövlətlərin qarşılıqlı asılılığını tənzimləyir, regional inteqrasiya proseslərini gücləndirir və nəticədə uzunmüddətli siyasi, iqtisadi və təhlükəsizlik perspektivlərinin qurulmasına şərait yaradır”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Seçilən
23
musavat.com

1Mənbələr