AZ

“Qarabağ” yatağında kəşfiyyat işlərinə başlanılır

“Qarabağ” layihəsi çərçivəsində seysmik tədqiqat proqramına 2026-cı ilin mart ayının ortasından aprelin sonunadək – 1,5 ay müddətində həyata keçirilməsi nəzərdə tutulur.

Bu barədə “BP-Azerbaijan” şirkətinin Qorxmaz Kərimov BP şirkəti tərəfindən “Qarabağ” layihəsi çərçivəsində seysmik tədqiqat proqramına dair Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) sənədi layihəsinin müzakirəsi məqsədilə təşkil olunmuş onlayn görüş zamanı bildirib.

“Tədqiqatlar 170-185 metr dərinlikdə aparılacaq. Yüksək dəqiqlikli (HR) tədqiqat işləri üçün enerji mənbəyi tək səviyyəli 4 x 40kub düymlük pnevmotop qrupundan (190 dB re 1µPa @ 1m) ibarət olacaq. Ultra yüksək dəqiqlikli (UHR) tədqiqat zamanı isə tək çoxsəviyyəli sparker (230 dB re 1µPa @ 1m) və ya 10 kub düymlük mini-top (229 dB re 1µPa @ 1m) istifadə ediləcək”, – Q. Kərimov qeyd edib.

O bildirib ki, HR tədqiqatı üçün 1 200 metr uzunluğunda, UHR tədqiqatı üçün isə 150 metr uzunluğunda sərt hidrofon qəbuledici kabellər tətbiq ediləcək:

“Bununla yanaşı, prosesdə yan müşahidəli exolokator (SSS), çoxşüali exolokator (MBES), maqnitometr və dərinlik profiloqrafları (SBP) da istifadə olunacaq. Tədqiqat işləri “Caspian Provider” təchizat gəmisi (və ya ona analoji gəmi) vasitəsilə həyata keçiriləcək. Layihə çərçivəsində çoxsəviyyəli sparker sistemi nümunə kimi təqdim olunub”.

Q. Kərimov əlavə edib ki, bu texniki mərhələ Xəzər dənizinin geoloji və hidroakustik xüsusiyyətlərinin dəqiq qiymətləndirilməsinə xidmət edir və gələcək mühəndislik qərarlarının əsasını təşkil edəcək.

Xatırladaq ki, 2025-ci il iyunun 3-də Bakı Enerji Həftəsi çərçivəsində BP Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu layihədə iştirak payının alınmasına dair müqavilələr imzalayıb. “Qarabağ” yatağı, Bakıdan 120 km şərqdə, “Günəşli” yatağından 20-25 km aralıda, 150-200 metr dərinlikdə yerləşir.

İlkin hesablamalara görə, “Qarabağ” yatağında geoloji neft ehtiyatları 60 milyon tondan artıqdır ki, bunun da 21 milyonton nefti və 13 milyard kubmetr qazı çıxarıla bilən hesab olunur.

Seçilən
10
1
banker.az

2Mənbələr