Berlin, 7 noyabr, AZƏRTAC
Bu ilin doqquz ayında Almaniyaya miqrasiya edən Suriya vətəndaşlarının sayı 40 min olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 46,5 faiz azdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsinin məlumatında bildirilib.
Eyni dövrdə Almaniyanı tərk edən suriyalıların sayı isə 35,3 faiz artıb. Belə ki, doqquz ayda 21 min 800 suriyalı ölkəni tərk edib.
Ötən ilin sonunda Almaniyadakı sığınacaq axtaranların 22 faizini suriyalılar təşkil edib. Almaniyada 713 min suriyalı sığınacaq axtaran qeydiyyatda olub. Bu ölkədə Suriya mənşəli 1,22 milyon insan yaşayır ki, onların 19 faizi Almaniyada doğulub. Ötən il 83 min 200 suriyalı Almaniya vətəndaşlığı alıb. Suriyalılar ötən il Almaniya vətəndaşlığı alanlar arasında ilk sırada yer alıblar.
Bu ölkədən olan şəxslərin 30 faizi – 363 min nəfəri Şimali Reyn-Vestfaliya əyalətində yaşayır. Sonrakı yerlərdə Aşağı Saksoniya, Baden-Vürtemberq və Bavariya (hər birində 10 faiz) gəlir.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin