"Beş il əvvəl, 27 sentyabrda, Ali Baş Komandan, Prezident İlham Əliyevin çağırışı ilə bütün Azərbaycan xalqı ayağa qalxdı. 30 illik həsrətə, ədalətsizliyə və haqsızlığa son vermək üçün hər kəs ön cəbhəyə getməyə hazır idi. Yaşından, kimliyindən asılı olmayaraq, bütün xalqımız döyüşə getmək üçün çağırış məntəqələrinin qarşısına toplanmışdı".
Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva Şuşanın azad olunduğu gün keçirdiyi hisslərdən danışarkən bildirdi.
"O gündən etibarən 44 gün boyunca demək olar ki, hər gün Ali Baş Komandanın, Prezident İlham Əliyevin azad olunmuş torpaqlar haqqında verdiyi qələbə xəbərlərini eşidirdik. Hər axşam gözlərimiz televiziya ekranına dikilmişdi, hər birimizin ürəyində böyük bir sevinc vardı. Prezidentin "Sən artıq azadsan!" sözləri ilə başlayan xəbərlər bizə inanılmaz xoşbəxtlik bəxş edirdi. Hər birimiz o günlərin şahidi olmuşuq. O xəbərləri tez-tez canlı yayımlarda alırdıq və xalqımızla birlikdə hər bir qələbəni coşqu ilə qeyd edirdik. Bəzən gecədən səhərə qədər döyüşlər haqqında müzakirələr aparır, televiziya kanallarında iştirak edirdik", - deyə millət vəkili qeyd etdi.
Jalə Əliyeva Şuşanın azad olunma xəbərini necə aldığını danışarkən bildirdi ki, o günü dünən kimi xatırlayır:
"Şəxsən mənim üçün çox qəribə bir təsadüf olmuşdu. Həmin gün İctimai Televiziyada mənim iştirakımla bir veriliş yayımlanırdı, ailəmizə həsr olunmuş bir proqram idi. Verilişin sonlarına yaxın, birdən-birə ekranlarda titrlər göründü: "Bir azdan Prezident İlham Əliyevin müraciəti yayımlanacaq". Artıq hamımız hazırlıqlı idik, çünki bu müraciətin Zəfər müraciəti olması gözlənilirdi. Lakin yenə də, müharibə davam edirdi və hər birimiz həyəcanla gözləyirdik. Verilişin bitməsinə təxminən 7-8 dəqiqə qalmış, gözlənilmədən veriliş kəsildi və Prezident İlham Əliyev birinci vitse-prezident Mehriban Əliyeva ilə Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edərkən görüntüləri yayımlandı. Prezidentin tarixi çıxışı, Qarabağın azad olması xəbərini verən həmin an, bizlər üçün tarixin ən əlamətdar anlarından biri oldu. O anları xatırlayanda, yaxşı mənada kövrəlməmək mümkün deyil. O gün hər bir azərbaycanlının həyatında ən əhəmiyyətli günlərdən biri oldu. Kiməsə sual versələr ki, həyatında ən əhəmiyyətli gün nədir, düşünürəm ki, hər bir insanın şəxsi əhəmiyyətli anları olsa da, bütün xalqımızın yaddaşına həkk olunmuş və taleyində qırmızı xətlə yazılmış gün, 8 noyabr 2020-ci il tarixidir. Bu gün bizim tariximizdir və hər zaman qəlbimizdə yer alacaq.
Millət vəkili əlavə etdi ki, Azərbaycanımız var olduqca, müstəqilliyimiz və suverenliyimiz əbədi olacaq və biz bu tarixi hər zaman qürurla və fəxarətlə qeyd edəcəyik.
"Bu gün, torpaqlarımızı işğaldan azad etmək uğrunda şəhid olmuş müqəddəs ruhlar qarşısında baş əyirik. Onların qanı sayəsində bu zəfəri yaşadıq. Eyni zamanda, qazilərimizə və müharibə veteranlarımıza cansağlığı arzulayırıq. Biz, xilaskar prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevlə birlikdə, ordumuza, xalqımıza və bütövlükdə ölkəmizə yeni uğurlar, yeni zəfərlər arzulayırıq. Bayramımız, bayramlarımız mübarək olsun!", - deyə Jalə Əliyeva xalqı təbrik etdi.
Xədicə BAXIŞLI