"WhatsApp"ın (votsap) çoxdan gözlənilən "istifadəçi adı" funksiyası ilə bağlı yeni detallar üzə çıxıb. Bu yenilik sayəsində artıq telefon nömrəsinə ehtiyac olmadan, sadəcə istifadəçi adını yazaraq səsli və ya video zəng etmək mümkün olacaq.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev bildirdi ki, bu yeni funksiyanın, yəni votsapda telefon nömrəsinə ehtiyac olmadan yalnız istifadəçi adı ilə səsli və ya video zəng etmək imkanı həm müsbət, həm də müəyyən mənfi tərəfləri ola bilər:
Mütəxəssis öncə yeni funksiyanın müsbət cəhətlərindən bəhs etdi:
"Yeni sistemdə sizin şəxsi telefon nömrəniz digər şəxslərə açıq olmur, yalnız istifadəçi adınız görünə bilir. Bu xüsusilə yeni tanış olduğunuz insanlarla və ya ictimai qruplarda faydalıdır. Nömrənizi vermək istəmədiyiniz halda əlaqə saxlamaq mümkündür. Telefon nömrəsi olmadan istifadəçi adı ilə əlaqə qurmaq rahatlıq gətirə bilər. Məsələn, iş, sosial media və ya layihə əlaqələri üçün nömrəni yaymaq istəməyənlər üçün, uyğundur. Telefon nömrəsi dəyişəndə və ya SIM-kart dəyişəndə əlaqənin itmə riski azala bilər, çünki istifadəçi adı olduğu kimi qala bilər. Telefon nömrəsi əsaslı hücumlar (məsələn, SIM swapping) riski bir qədər aşağı düşə bilər, çünki nömrə “ictimai” olmaqdan çıxır".
Ekspert "istifadəçi adı" funksiyasının mənfi cəhətlərindən də bəhs etdi.
"İstifadəçi adları tanış olmaya bilər və ya qarışıqlığa səbəb ola bilər, kimin kim olduğunu müəyyən etmək çətinləşə bilər. İstifadəçi adları nömrə kimi unikal olmaya bilər və ya insanlar eyni istifadəçi adını götürmək istəyə bilərlər. Ona görə istifadəçi adlarının da unikal olmasına ehtiyac var. İstifadəçi adları ilə əlaqə qurmaq, anonimliyi artırsa da, eyni zamanda sizin kim olduğunuzun təsdiqi üçün əlavə tədbirlər tələb edə bilərlər. Məsələn, kimsə sizin istifadəçi adınızı bilirsə, sizinlə əlaqə saxlaya bilər. Bu riskləri azaltmaq üçün əlavə “PIN kodu” funksiyası üzərində iş gedir. Bilinməyən şəxslər sizin istifadəçi adınızı bilsə belə, PIN-lə təmin edilməlidirlər.
Telefon nömrəsi ilə əlaqə qurmaq çox sadə idi, qarşıdakı şəxsin nömrəsini bilirdinizsə, dərhal zəng edə bilirdiniz. İndi istifadəçi adı sistemi gələndə, hər kəsin “mənim istifadəçi adımı bilirsən?” sualını ortaya çıxacaq. Telefon nömrənizi geniş auditoriya ilə bölüşmək istəmirsinizsə, bu istifadəçi adı sistemi sizin üçün faydalı ola bilər. Təhlükəsizlik üçün istifadəçi adınızı və iki mərhələli identifikasiyanızı, əlaqələrinizin kimlər olduğunu diqqətlə nəzərdən keçirmək vacib olacaq", - deyə Bəhruz Əliyev qeyd etdi.
Nuriyyə NATİQQIZI