ain.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 7 noyabr, Pərvanə Qafarova, AZƏRTAC
Hər sahədə olduğu kimi qida təhlükəsizliyi sahəsində də beynəlxalq əməkdaşlığın öz müstəsna rolu var. Bu istiqamətdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi həm BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı kimi beynəlxalq qurumlarla, həm ayrı-ayrı ölkələrin səlahiyyətli qurumları ilə, həm də qabaqcıl elmi tədqiqat institutları ilə sıx əməkdaşlıq edir.
Bu barədə AZƏRTAC-a açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) İdarə Heyətinin sədrinin müavini Ramazan Nəbiyev deyib.
“Qarşılıqlı təcrübə mübadiləsi aparmaqla qida təhlükəsizliyi sahəsinin inkişafını təmin etməklə yanaşı, beynəlxalq təşkilatlarda təmsil olunmaqla müvafiq sahələr üzrə qlobal miqyasda aparılan işlərə töhfə verilməsi, bu proseslərin izləyicisi olmaqla kifayətlənməyərək məhz iştirakçısına çevrilməsi ölkəmizin həm qida təhlükəsizliyi, həm də bitki və heyvan sağlamlığı üzrə beynəlxalq səviyyədə öz sözünü deməsinə zəmin yaradır”, - deyə səde müavini vurğulayıb.
Bu istiqamətdə ötən illərdə bir çox layihələrin həyata keçirildiyini bildirən Ramazan Nəbiyev deyib ki, bunlardan bəzilərini xüsusi vurğulamaq lazımdır: “2024-cü ildə FAO-nun “Qida nəzarəti sisteminin qiymətləndirilməsi aləti” adlı layihəsi çərçivəsində beynəlxalq ekspertlər tərəfindən ölkəmizdə qurulmuş yeni qida təhlükəsizliyi sisteminin qiymətləndirilməsi aparılıb. Aparılan qiymətləndirmə nəticəsində respublikamızdakı mövcud qida təhlükəsizliyi sistemi üzrə FAO-nun və ÜST-nin müəyyənləşdirdiyi ideal sistemlərin 25 səriştəsinin (kompetensiya) nəzərə alındığı və işlək olduğu təsdiq edilib. Bu mövcud qida təhlükəsizliyi sisteminin beynəlxalq təşkilatlar tərəfindən müəyyən edilmiş standart və tələblərə uyğunluğunu göstərir. Bundan başqa, “Azərbaycanda sanitar və fitosanitar tədbirlərin gücləndirilməsi” adlı Tvinninq layihəsi çərçivəsində bir sıra normativ sənədlər hazırlanıb, ekspert heyətləri bitki mühafizəsi, qida təhlükəsizliyi, laboratoriyarın fəaliyyətinin təkmilləşdirilməsi mövzuları üzrə təlim-təcrübə səfərləri həyata keçirilib, beynəlxalq təcrübə azərbaycanlı mütəxəssislər tərəfindən yaxından öyrənilib. Vurğulamaq istərdim ki, FAO-nun texniki dəstəyi ilə “Qida istehlakı üzə məlumat bazasının yaradılması” layihəsinin icrası davam etməkdədir. Bu layihə əhalinin müxtəlif demoqrafik qruplar və bölgələr üzrə qida istehlakı ilə bağlı ətraflı statistik məlumatların toplanmasına şərait yaradacaq ki, bu da sonda ölkəmiz üzrə müxtəlif risklərin elmi qiymətləndirilməsi proseslərinin təkmilləşdirilməsinə şərait yaradacaq”, - deyə o diqqətə çatdırıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.