AZ

AQTİ-nin nümayəndəsi Kodeks Alimentarius Komissiyasının İcra Komitəsinin sessiyasında iştirak edib

Bakı, 7 noyabr, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) İdarə Heyəti sədrinin müavini Ramazan Nəbiyev Kodeks Alimentarius Komissiyasının İcra Komitəsinin 89-cu sessiyasında iştirak edib.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, sessiya Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Roma şəhərində yerləşən Baş Qərargahında təşkil edilib. AQTİ nümayəndəsi Ramazan Nəbiyev həmin sessiyada Avropa regionu üzrə məsləhətçi qismində təmsil olunub.

Kodeks Alimentarius Komissiyası qida təhlükəsizliyi və qida məhsullarının beynəlxalq ticarətinin tənzimlənməsi baxımından mühüm əhəmiyyət kəsb edən, beynəlxalq səviyyədə qəbul edilmiş təlimatlar, ümumi prinsiplər, eləcə də ümumi və xüsusi standartlar hazırlayan beynəlxalq tənzimləyici qurumdur. Azərbaycan 2011-ci ildən etibarən Komissiyanın 189 üzvü sırasına daxildir.

“AQTİ-nin əməkdaşının mötəbər tədbirdə Avropa regionu üzrə məsləhətçi statusunda təmsil olunması ölkəmizin qida təhlükəsizliyi sahəsində beynəlxalq əməkdaşlığının genişlənməsinin və bu sahədə həyata keçirilən uğurlu fəaliyyətin növbəti göstəricisidir”, - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, sessiya noyabrın 3-dən 7-dək keçirilib.

Seçilən
33
1
azertag.az

2Mənbələr